Bakıda Xətai rayonunda icazəsiz inşa etdiyi binanın tikintisi dayandırılan “Olympus Park” məhkəməyə müraciət edib. Belə ki, şirkət bilmədən sökdüyünü dediyi “Lider” idman klubunun rəhbərliyini məhkəməyə verib.
“Olympus Park”ın Nobel layihəsi - Dayandırıldı
FED.az xəbər verir ki, “Qafqazinfo”ya müraciət edən klubun sahibi İlham Sərdarov bildirib ki, şirkət rəsmiləri mediaya açıqlamalarında klubun binasını bilmədən sökdüklərini açıqlasalar da, indi məhkəmədə başqa iddia irəli sürüblər: ““Olympus Park” layihəsini həyata keçirən “RS Construction” MMC Xətai Rayon Məhkəməsində iddia qaldırıb ki, guya idman klubunu mən özüm sökmüşəm və mediaya müsahibə verib şirkətin işgüzar nüfuzuna xələl gətirmişəm. Buna görə də məndən 1 milyon manat da təzminat istəyirlər”.
Bundan sonra İlham Sərdarov da qarşılıqlı iddia verərək sökülən qeyri-yaşayış sahəsinin mülkiyyət hüquqi ilə ona məxsus olduğunu bildirib. O qeyd edib ki, məhkəmə araşdırması zamanı şirkətin icazəsi olmadığı halda bir ildən artıq müddətdə tikinti işlərinə başladığı üzə çıxıb: “Mənim obyektimi də tikintiyə icazə almadan söküblər. Rəsmi sənədlərdə göstərilir ki, onlara bu ilin iyun ayında tikinti üçün rəsmi icazə verilib. Həmin vaxt artıq binanın 8-ci mərtəbəsi inşa edilirdi.
Şirkət “28 May” ünvanındakı tikintisi zamanı ağacları icazəsiz kəsdiyi üçün cərimələnib və məhkəməyə müraciət olunub. Nərimanov layihəsində də şirkət vətəndaşa məxsus əmlakı onun icazəsi olmadan sökdüyü üçün cinayət işi başlanıb. Səbail rayonundakı layihədə də eyni problem yaranıb və şirkətin tikdiyi 3 binadan birinə həbs qoyulub. Bunlar hamısı məhkəmə prosesləri zamanı ortaya çıxan faktlardır”.
İlham Sərdarov deyir ki, şirkət idman klubunu sahibinin icazəsi və razılığı olmadan qanunsuz olaraq gecə saat 4 radələrində söküb.
“RS Construction” MMC-nin Nobel layihəsi üzrə icraçı direktoru Mehdi Bədirov “Qafqazinfo”ya açıqlamasında bildirib ki, hazırda şirkətin əməkdaşlarının əksəriyyəti COVID-19 virusuna yoluxduğu üçün ofis bağlıdır: “Buna görə də məhkəmə prosesi barədə sizə məlumat verə bilməyəcəyəm. Amma biz İlham Sərdarova bildirmişik ki, onun istəmədən sökdüyümüz obyektini bərpa edib təhvil verə bilərik. “Lider” idman klubuna bitişik olan obyekti almışdıq və həmin qeyri-yaşayış sahəsini sökəndə ona məxsus yer də uçdu. Biz İlham Sərdarova binadan obyekt və mənzil verməyi təklif etmişik. Amma həmin şəxs bizdən nağd pul istəyir, bizim də pul verməyə imkanımız yoxdur”.