Paytaxtın Nəsimi rayonunda yerləşən marketə basqın olub.
FED.az xəbər verir ki, hüquq-mühafizə orqanlarından verilən məlumata görə, hadisə aprelin 30-da paytaxtın Azadlıq prospekti 108 ünvanında yerləşən “Oba”marketdə qeydə alınıb. Marketə daxil olan şəxs orada satıcı işləyən, 1992-ci təvəllüdlü Quliyeva Fatimə Bəhram qızını ülgüclə hədələyərək dəmir seyfi açmağa məcbur edib. O, seyfdə olan 2400 manat pulu götürərək hadisə yerini tərk edib.
Eləcə də bax: Gömrükdəki aparat gizlədilmiş dolları aşkar edib - AÇIQLAMA
Araşdırmalar nəticəsində quldurluq əməlini törədən şəxsin elə həmin marketdə işləyən, 1993-cü il təvəllüdlü Zaynali Nicat Abuzər oğlu olması müəyyən edilib. Onun tutulması istiqamətində əməliyyat-axtarış tədbirləri davam etdirilir.
Faktla bağlı Nəsimi rayon Polis İdarəsinin İstintaq şöbəsi tərəfindən araşdırma aparılır.