Naxçıvan Muxtar Respublikasında baş verən bütün cinayətlər isti izlərlə açılır. Eləcə də, borclu və cavabdehlərin hamısı tapılıb.
FED.az xəbər verir ki, bu barədə Naxçıvan Muxtar Respublikasının Daxili İşlər Nazirliyində keçirilən kollegiya iclasında nazir Fazil Ələkbərov bildirib.
Vurğulanıb ki, 2021-ci ilin I yarımili ərzində muxtar respublika ərazisində qeyri-aşkar şəraitdə törədilmiş cinayət hadisələrinin isti izlərlə açılması və cinayət törətməkdə təqsirli bilinərək axtarışı elan olunmuş şəxslərin tutulması 100 faiz təmin edilib, yetkinlik yaşına çatmayanlar tərəfindən törədilən və ya insan alverinə qarşı mübarizə sahəsində heç bir cinayət faktı qeydə alınmayıb. Eyni zamanda, borclu fiziki şəxslərin və cavabdehlərin axtarışının təşkili istiqamətində 116 nəfər şəxsə axtarış işi açılaraq həmin şəxslərin hamısı tutulub və axtarış işinin göstəricisi 100 faiz təmin olunub.
Diqqətə çatdırılıb ki, muxtar respublikada narkotiklərin qanunsuz dövriyyəsi və narkomanlıqla mübarizə sahəsində həyata keçirilən məqsədyönlü tədbirlər nəticəsində 1 cinayət və 12 inzibati fakt aşkar edilib, vətəndaşlardan 130 ədəd müxtəlif növ silah və xeyli sayda döyüş sursatı təhvil alınıb.