"Yanğının söndürülməsinə 21 yanğınsöndürən avtomobili və Fövqəladə Hallar Nazirliyinin (FHN0 105 nəfər əmkdaşı cəlb olunub".
FED.az biznes və maliyyə xəbərləri portalı Report-a istinadən xəbər verir ki, bunu FHN-nin Dövlət Yanğından Mühafizə Xidmətinin Qərargah rəis müavini Əkbər Novruzov deyib.
Onun sözlərinə görə, "Nəriman Nərimanov" metrosunun yaxınlığında bir-birinə bitişik, birmərtəbəli müxtəlif təyinatlı ticarət obyektlərinin təxminən 300 kvm sahəsində yanıb: "Obyektlərə telefon mağazaları, parça mağazaları və digər müxtəliftəyinatlı obyektlər daxildir. Yaxınlıqda yerləşən yaşayış binaları yanğından tam mühafizə olunub. Yanğın həm daxildən, həm də xaricdən hazırda tam lokallaşdırılıb. Hadisənin baş vermə səbəbləri araşdırılır".
***
Bakının Nərimanov rayonunda yerləşən “Metro-City” ticarət mərkəzinin ətrafında yerləşən ticarət obyektlərində baş verən yanğın lokallaşdırılıb.
FED.az biznes və maliyyə xəbərləri portalı Report-a istinadən xəbər verir ki, alovun yayılması təhlükəsi aradan qaldırılıb.
***
Hazırda yanğının tam söndürülməsi üzrə işlər davam etdirilir.
Nərimanov rayonunda bir neçə obyektdə baş verən yanğın davam edir.
FED.az biznes və maliyyə xəbərləri portalı APA-ya istinadən xəbər verir ki, hazırda Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğından Mühafizə Xidmətinin əməkdaşları alovun qarşısının alınması istiqamətində tədbirləri davam etdirir.
***
Bakı şəhəri, Nərimanov rayonunda, Nərimanov metrostansiyası yaxınlığında “Metro-City” ticarət mərkəzində başlayan yanğın ətrafdakı ticarət obyektlərinə də keçib.
FED.az xəbər verir ki, yanğın saat 8-30-da başlayıb. Fövqəladə Hallar Nazirliyi (FHN) Bakı şəhəri, Nərimanov rayonu, Təbriz küçəsində yerləşən obyektlərdə yanğınla bağlı məlumat yayıb. FHN-nin Dövlət Yanğından Mühafizə Xidmətinin yanğından mühafizə bölmələri yanğın baş verdiyi ünvana cəlb olunub. Yanğının söndürülməsi üçün 10 yanğınsöndürmə maşını və 70 yanğınsöndürən cəlb olunub.
FED.az biznes və maliyyə xəbərləri portalı APA-ya istinadən xəbər verir ki, ticarət mərkəzinin yaxınlığındakı Mobil telefon satışı dükanlarında və aptekdə də yanğın başlayıb.
Bakı Nəqliyyat Agentliyindən verilən məlumata görə, ticarət mərkəzində baş verən yanğınla əlaqədar Ağa Nemətulla küçəsindən Təbriz küçəsinə nəqliyyat vasitələrinin hərəkətinə məhdudiyyət qoyulub. Ərazidə nəqliyyat sıxlığının yaranmaması üçün zərurət olmadığı halda bu istiqamətdə minik avtomobili ilə hərəkət etməmək tövsiyə edilir.
FED.az biznes və maliyyə xəbərləri portalı Qafqazinfo-ya istinadən xəbər verir ki, yanğın baş verən ticarət mərkəzinə bitişik dayanan maşın polis əməkdaşları tərəfindən hadisə yerindən çıxarılıb. Qeyd edilib ki, əks halda partlayış baş verə bilərdi. Ticarət Mərkəzində fəaliyyət göstərən sahibkarlardan bir neçəsi bildirib ki, ticarət mərkəzi saat 9-da açılır. Ona görə də mağaza sahibləri içəridə olmayıb. Yanğın təxminən 8:00-8:30 radələrində başlayıb.
İlkin məlumata görə, ticarət mərkəzində 30-dan çox mağaza fəaliyyət göstərib. Sahibkarların sözlərinə görə, hər mağazada ən azı 50-60 min manatlıq malları olub.