Monteneqroda siyasi sığınacaq almış azərbaycanlı iş adamı Telman İsmayılov siyasi sığınacaq istəməsinin səbəblərindən, ona qarşı irəli sürülmüş ittihamlardan danışıb.
FED.az milyonçunun jurnalist Eynulla Fətullayevə müsahibəsini təqdim edir:
-Telman Mərdanoviç, bilirəm ki, həbsdən buraxıldıqdan sonra bir çox jurnalistlər, o cümlədən Rusiyadan, Ukraynadan sizinlə əlaqə saxlayıblar, müsahibə götürmək istəyiblər. Amma Siz Azərbaycan nəşrini seçdiniz və biz indi o vaxt bütün keçmiş sovet məkanında əks-səda vermiş həmin hadisəni müzakirə edirik. O vaxt ən müxtəlif informasiyalar yayılmışdı, ziddiyyətli xəbərlər var idi. Bəs əslində nə baş vermişdi? Nə olmuşdu ki, 6 ildir heç bir maneə olmadan bu ölkədə yaşayan adamı birdən-birə həbs etmişdilər...
-Yox, əslində mən bu ölkədə 6 ildir yaşamırdım, son 6 ay idi ki, burada idim. Və olan oldu, olanları artıq bilirsiniz. Məsələ belədir ki, uzun müddət götür-qoy edəndən sonra bu ölkədən siyasi sığınacaq almaq qərarına gəlmişdim, çünki görürdüm ki, mənə qarşı başladılan təqiblər dayanmayacaq. Heç vaxt ağlıma gəlməzdi ki, nə vaxtsa siyasi sığınacaq almaq üçün müraciət edə bilərəm, çünki düşünürdüm ki, ağıl hər şeyə üstün gəlir. Düşünürdüm ki, hüquq-mühafizə orqanları nəhayət qərara gələcəklər-mənim günahım var, ya yox. Amma gördüm ki, bu baş vermədi. Əksinə, təzyiqlər daha da artdı. Buna görə də qərara aldım ki, siyasi sığınacaq almaq üçün müraciət edim.
-Bəs həbs hadisəsi necə baş verdi? Təfsilatları danışa bilərsinizmi? Yəni oturmuşdunuz evdə və birdən gəldilər, Sizi həbs etdilər? Bu gözlənilməz oldu?
-Yox, mən evdə oturmamışdım. Məsələ belədir ki, 2014-cü ildə Rusiyanı tərk etdikdən sonra bir müddət Türkiyədə, Fransada yaşamışam, bir çox ölkələrdə olmuşam. Müntəzəm olaraq bura (Monteneqroya) da gəlib-gedirdim. Bayaq dediyim kimi, qərara almışdım ki, buradan siyasi sığınacaq alım...
-Nəyə görə məhz Monteneqrodan? Bəlkə ona görə ki, bu ölkənin prezidenti Mila Cukanoviç yaxın dostunuzdur?
-Yox, heç də elə deyil. Bütün bu illər ərzində mənim bir çox ölkələrdə vəkillərim işləyirdi. İş elə gətirdi ki, Montenegrodakı vəkilimlə yaxın dostluq münasibətlərimiz yarandı, onunla ünsiyyət mənə rahat idi. Ona görə də ondan xahiş etdim ki, bu ölkədən siyasi sığınacaq almaq üçün sənədləri hazırlayıb təqdim etsin.
-Amma prezident Cukanoviçi yaxından tanıyırsınız, elə deyilmi?
-Bəli tanıyıram. Amma bu məsələ ilə bağlı ondan heç bir xahiş etməmişəm.
-Yəni Monteneqronu ona görə seçməmisiniz ki, prezident Cukanoviç yaxın dostunuzdur?
-Əlbəttə, yox. Mən başqa ölkələrin prezidentlərini də yaxından tanıyıram, o cümlədən Türkiyə prezidentini.
-Bir çoxlarına təəcüblü gəlir ki, nəyə görə İsrail vətəndaşı olduğunuz halda həmin ölkəyə yerləşmədiniz...
-Bilirsiniz, İsrail yəhudi dövlətidir, hansı ki, mənim özümün də bildiyiniz kimi, bu millətə birbaşa aidiyyatım var. Orada məni hamı tanıyır. Düşündüm ki, ora müraciət etsəm və nəsə alınsa deyəcəklər ki, bunu xüsusi olaraq etdilər. Burada isə, bayaq dediyim kimi, yaxın dostluq etdiyim vəkilim vasitəsilə müraciət etmişəm, sənədləri hazırlayıb vermişəm. Və mənə kağız veriblər, imzalamışam. Orada göstərilirdi ki, mənim siyasi sığınacaq barədə müraciətimə baxılana qədər bu ölkədə qala, yaşaya bilərəm, başqa yerə getməmək şərti ilə. Və həmin sənədləri təqdim edəndən, Monteneqroda qalmaq icazəsini alanda təxminən 20 gün sonra həmin hadisə baş verdi. Kafedə oturmuşdum, dostlarımla kofe içirdim...
-Yəni sizi kafedə saxladılar? Deyilənə görə, xüsusi təyinatlılar, elədirmi?
-Bəli, kafedə. Xüsusi təyinatlılar idi...Dedlər ki, İnterpolun axtarışındasınız və götürüb apardılar.
-Neçə gün həbsxanada qaldınız?
-22 gün (gülür).
-Təsəvvür etmək biraz çətindir. Telman İsmayılov, bir vaxtlar böyük biznes imperiyasına sahib olan adam birdən həbsxanaya düşür. Həbsin ilk dəqiqələrindən nə hisslər keçirməyə başladınız?
-Bilirsiniz nə demək istərdim? Əlbəttə, xoşagəlməz hisslərdir. Bilsən ki, nəsə törətmisən, buna dözmək olar. Amma biləndə ki, etmədiyin əmələ görə tutublar, bu ağrılıdır, adamı incidir. Amma özümə təsəlli verirdim, deyirdim yaxşı ki, orada, Rusiyada həbsdə deyiləm...
-Yəni Rusiyada həbsdə olsaydınız Sizə belə humanist yanaşmazdılar?
-Yox, qətiyyən.
-Ola bilsin Rusiya hüquq-mühafizə orqanlarından da buna görə gizlənirsiniz?
-Ancaq və ancaq buna görə. Çünki məni həqiqətən təqib edirdilər. Və mən sübut etdim ki, təqib olunurdum. Bax ona görə də hər şey belə alındı...
-Həbsxanada olduğunuz günlərdə həyatınızda nəyisə düzgün eləmədiyiniz haqda düşündünüzmü? Yəni bəlkə nəyisə dəyişmək, nəyisə yenidən dəyərləndirmək...Həmin günlərdə sizi arayıb-axtarmayan dostlardan inciyirdinizmi?
-Başqa cür nə edə bilərdim ki? Mən başqa cür yaşaya bilməzdim, elə bu cür də yaşayardım. Amma hər şeyə yenidən başlamış olsaydım bir çox adamlara inanmazdım. Dostlara gəldikdə isə, mən heç kimdən incimirəm. Deyirlər ki, o zəng vurmadı, başqası axtarmadı. Mən onlardan incimirəm, onları başa düşürəm, çünki onlar mənə görə zərər çəkərdilər. Amma uşaqlıq, gənclik dostlarım maraqlanıb, həbsimin ilk günlərindən ailəm tək qalmayıb, zəng vurublar, dəstək veriblər...
-Sizin Rusiyada təqib olunmağınıza qayıdacağıq. Amma belə versiyalar var ki, burada, Monteneqroda Serbiyaya yaxın siyasi partiyanın hakimiyyətə gəlməsindən sonra Sizin həbsiniz mümkün olub. Deyilənə görə, onlar Rusiyanın istəyi ilə Sizin həbsinizə sanksiya veriblər...
-Düzünü desəm mən bütün bunlarla maraqlanmıram, siyasətdən uzaq adamam. Heç bilmirəm hansı partiya Serbiyaya yaxındır. Amma bu dediklərinizdən sonra gərək maraqlanam...
-Telman Mərdanoviç, bəs Rusiyada təqib olunmağınızın arxasında nə dayanırdı? Axı mənim yadımdadır, 2014-cü ildə sizinlə Moskvadakı evinizdə görüşəndə divardan Rusiya prezidentinin, başqa dövlət xadimlərinin portretləri asılmışdı. Yəni Rusiyanın siyasi elitası ilə yaxın münasibətləriniz vardı, sizə hörmətlə yanaşırdılar. Bəs sonra nə baş verdi?
-Biznes, ancaq biznes. Şəxsi heç nə. Həmin məmurlar mənim biznesimi əlimdən almaq istəyirdilər və buna nail oldular.
-Bəs dostlarınız niyə sizi müdafiə eləmədi?
-Ona görə ki, o səviyyədə işlərə qarışa biləcək dostlarım yox idi. Məsələ bundadır ki, həmin məmurlar prezidenti aldatmışdılar. Əslində Rusiya prezidenti Vladimir Putinin mənə etimadı vardı. Mən indi deyə bilmərəm bu etimad nəyə əsaslanırdı. Amma buna əminəm ki, mənimlə bağlı onu aldatdılar. Prezidentə kağız vermişdilər, o da federal kanallarda elan etmişdi ki, mənim bazarımda 2 milyard dollarlıq qaçaqmal var. Hansı ki, tamamilə yalan idi. Bu haqda mənə məlumat çatanda istintaq orqanlarına dedim ki, orada 2 milyard dollarlıq yox, iki dəfə çox mal var. 6 min konteyner yox, 10 min 800 konteyner var. Və hamısı qanuni yolla gətirilib. Bundan sonra onlar dedilər ki, guya bütün bu malların hamısı saxtadır və utlizasiya etmək lazımdır. Onların cəlb etdiyi texnika ilə o qədər malı utilizasiya etmək üçün 30 il vaxt lazım idi, onlar isə il yarım ərzində guya utilizasiya etdilər. Əslində isə malları “furalarla” daşıyıb başqa bazarlarda satdırdılar. Məndə materiallar var, malları necə daşıyırlar.
-Deyilənə görə bütün bunlara görə 5,5 milyard dollar itirmisiniz...
-Ola bilsin daha çox. Çünki hər şeyi məhv etdilər.
-Daha sonra sizə qarşı Rusiya federal kanallarında qara piar başladı, deyirdilər ki, hansısa zirzəmilərdə qanunsuz sexlər olub, qeyri-leqal miqrantlar işləyib və s...
-Bütün bunlar hamısı sifarişli kampaniya idi. Başqa bazarları çəkirdilər, mənim bazarım kimi qələmə verirdilər, mənə dəxli olmayan obyekti çəkib guya mənimdir deyə təqdim edirdilər. Əslində o bazarda əsasən Rusiya istehsalçılarının malları idi. Həmin təbliğatı aparanlardan biri jurnalist Mamontov olub, tamamilə yalan, həqiqətə uyğun olmayan məlumatlar əsasında...
- Ardınca isə sizin məsələnizi siyasiləşdirməyə başladılar. Belə məlumatlar, versiyalar dolaşırdı ki, guya Soçidə olimpiya obyektləri tikməkdən, Rusiya rəhbərliyi üçün strateji əhəmiyyət daşıyan layihələrə investisiya qoymaqdan imtina etmisiniz və nəticədə təqiblər başlayıb.
-Bütün bunlar cəfəngiyatdır. Belə şey olmayıb. Mən Soçidə üç ay olmuşam. Orada bütün layihələrə Teymuraz Kazbekoçiv Baloyev rəhbərlik edirdi. Mən ən yaxşı investisiya layihələrindən birini təqdim etmişdim. Pul xərcləmişim, tikinti işlərinə başlamağa hazır idim. Baş nazirin müavini Kozakın rəhbərliyi ilə invstorları yığmışdılar, mən də orada idim. O vaxt tikinti üçün hamıya kredit verirdilər, girovsuz. Dedim mən girov da qoymağa hazıram, amma başqaları kimi mənə də kredit versinlər ki, tikməyə başlayım. Girov kimi “Mardan Palace” otelini təklif etmişdim. O vaxt otel artıq hazır idi...Amma kredit verməkdən imtina etdilər.
-Yeri gəlmişkən, həmin “Mardan Palace” oteli ilə bağlı da o vaxt çoxlu söz-söhbətlər oldu. Deyirdilər ki, nəyə görə bütün pullarını Rusiyada qazanmış rusiyalı biznesmen öz kapitalını başqa ölkəyə qoyur. Ədalətli yanaşma idi, elə deyilmi?..
-Xeyr. Mən elə hesab etmirəm. Nəyə görə hesab edirsiniz ki, rusiyalı biznesmen ancaq Rusiyaya investisiya qoymalıdır? Əksinə, rusiyalı biznesmen hər yerdə iş qurmalıdır, yatırım qoymalıdır, çünki investisiya həm də ölkələr arasında münasibət qurmaqdır. Məsələn, mən vaxtilə Türkiyə ilə Rusiya arasında münasibətlərin düzəlməsində rol oynamışam. Təyyarənin vurulmasından sonra...
-Bəs nəyə görə “Mardan Palace” layihəniz o cür iflasa uğradı? Axı siz uğurlu biznesmen idiniz, xeyli pul yatırmışdınız o layihəyə...
-Bilərəkdən o layihədən əl çəkdim. Bilirsiniz, federal kanallarda mənim barəmdə süjetlər o vaxt yəqin ki, ən yüksək reytinq yığırdı. İndi mənim 66 yaşım var, amma həmin oteldə 50 illiyimi keçirməyimi, evimi hələ də göstərirlər...
-Yəni bu layihədən məqsədyönlü şəkildə imtina etdiniz?
-Bəli, elədir...
-Pula maraqlı yanaşmanız var. O qədər pulu itirmək?..
-İtirməsən tapmazsan deyirlər. O vaxt məni yoldaş Bastrıkinin yanına çağıranda (Rusiya İstintaq Komitəsinin rəhbəri) dedilər ki, bəs Çerkizosvk bazarından müsadirə edilən mallara görə bizə qarşı iradınız olacaqmı? Dedim yox. Dedilər kağız imzala ki, iradınız olmayacaq. Dedim yox, kağız da imzalamıram, amma iradım da olmayacaq. Yetər ki, mənə hər şeyi sıfırdan başlamağa imkan verəsiniz, mane olmayasınız, rahat buraxasınız...
-Yeri gəlmişkən, Rusiyanı tərk edəndən sonra hər şeyə yenidən başladınız? Yəni hazırda bizneslə məşğulsunuzmu?
-Mən indi pensiyadayam. (Gülür). Bizneslə məşğul olmuram.
-Bəs necə yaşayırsınız? Pullardan hələ qalıb?
-Pullar deyəndə ki, mənim övladlarım var, onlar işləyirlər, dostlar, qohumlar kömək edirlər.
-Bəs həbs təhlükəsi tam sovuşubmu? Necə düşünürsünüz, Sizi yenidən həbs edə bilərlər?
-Siz necə düşünürsünüz, siyasi sığınacaq almış birini həbs etmək olur? Bilmirəm, qanunda belə şey varmı ki, siyasi mühacir statusu almış şəxsi həbs etmək olar...