Bakı Ağır Cinayətlər Məhkəməsində “Azərbaycan Beynəlxalq Bankı” ASC-nin Qaradağ filialının kredit şöbəsinin külli miqdarda dələduzluqda təqsirləndirilən sabiq baş mütəxəssisi Elnur Hüseynov, Aqilə Piriyeva və Azər İsmayılovun cinayət işi üzrə məhkəmə prosesi başa çatıb.
FED.az xəbər verir ki, Report-un məlumatına görə, hakim Azad Məcidovun sədrliyi ilə keçirilən iclasda hökm oxunub.
Məhkəmənin hökmü ilə E.Hüseynov 11 il müddətinə azadlıqdan məhrum edilib. Polisin nəzarəti altında olan digər iki şəxsə isə 2000 manat məbləğində cərimə cəzası verilib.
Xatırladaq ki, dövlət ittihamçısı çıxışında E.Hüseynovun 11 il, A.Piriyevanın 1 il və A.İsmayılovun 2 il müddətinə azadlıqdan məhrum edilməsini istəyib.
İttiham aktına əsasən, Elnur Hüseynov qulluq mövqeyindən istifadə edərək, 5 yanvar 2012-ci ildən 28 avqust 2015-ci ilədək “Azərbaycan Beynəlxalq Bankı” ASC-nin Qaradağ filialının kredit şöbəsinin baş mütəxəssisi vəzifəsində işləyərkən ayrı-ayrı şəxslərə müraciət edib. O, həmin şəxslərin işlədiyi bank filialından kredit rəsmiləşdirməsinə razı salıb, kredit üzrə əsas və faiz borclarının özünün ödəyəcəyini deyib, onlara yalandan vəd verib.
E.Hüseynov Səmra Məmmədovanın kredit qovluğundakı sənədlərdə sonuncunun imzasını oxşadıb icra etməklə 3 min manat, Qumru Hüseynova, Aydın Qaçayev, Elçin Qəhrəmanov, Mehdi Cavaninin hər birinin adına eyni qaydada 3 min manat kredit rəsmiləşdirib və özünə götürüb.
Eyni qaydada zərərçəkmiş Elduz Rzayevin adına 10 min manat, Qəzənfər İsgəndərovun adına isə 7 min manat kredit götürərək, dələduzluq edib.
E.Hüseynov Cinayət Məcəlləsinin (CM) 178.3.2 (dələduzluq külli miqdarda törədildikdə) maddəsi ilə ittiham edilir.
Beynəlxalq Bankın digər əməkdaşları A.Piriyeva ilə A.İsmayılov isə CM-nin 308.1-ci (vəzifə səlahiyyətlərindən sui-istifadə etmə) maddələri ilə ittiham olunurlar. Hər iki şəxsin barəsində polisin nəzarəti altında qətimkan tədbiri seçilib.