Ötən gün yağan güclü yağış nəticəsində “Sədərək” Ticarət Mərkəzini su basması barədə xəbər vermişdik.
Yağış sularının bəzi obyektlərin içərisinə dolduğu, malların su altında qaldığı bildirilirdi.
FED.az xəbər verir ki, məsələ ilə bağlı sahibkarlar açıqlama veriblər. Onlar ciddi ziyanla üzləşdiklərini, hətta yağıntı suları səbəbindən öz obyektlərinə daxil ola bilmədiklərini bildiriblər.
Sahibkarlardan birinin sözlərinə görə, mağazada su çəkə biləcək hər şey islanıb. Mallara su dəydisə, rəngi dəyişir, kif atır.
Digər bir sahibkar isə 7-8 min manatlıq malının su altında qaldığını deyib: “Satdığım tekstil məhsullarıdır. Quru təmizləməyə verəcəyik. Ləkəsi çıxan, salamat olan satışa, olmayan da zibilliyə...”
Ticarət Mərkəzinin rəhbərliyi isə hazırda yağıntı sularının çəkilməsi ilə bağlı iş görüldüyünü söyləyib.
Qeyd edək ki, sözügedən ticarət mərkəzində daha əvvəl də dəfələrlə subasma halları olub və sahibkarlara dəyən ziyan özləri tərəfindən qarşılanıb. (Qafqazinfo, ATV)