Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində xalq artisti Leyla Şıxlinskayanın sahibi olduğu klinikanın baş mühasibi Şəhla Abbasova və digər işçiləri barəsindəki cinayət işi üzrə məhkəmə prosesi keçirilib.
FED.az xəbər verir ki, hakim Əfqan Hacıyevin icraatında olan prosesdə klinikanın nümayəndəsi mülki iddia qaldırıb. O, təqsirləndirilən şəxslər tərəfindən vurulan 804 min manat pulun ödənilməsini tələb edib.
Eyni zamanda ittiham olunan şəxslər barəsində həbs qərarı verilməsini istəyib. Mülki iddia icraata qəbul edilsə də, həbslə bağlı vəsatət təmin edilməyib.
Proses noyabrın 24-də davam etdiriləcək.
İş üzrə klinikanın baş mühasibi Şəhla Abbasova, mühasib Səkinə Qasımova, kassir Aytən Hüseynova, Polad Əliyev, Mədinə Hüseynova və Yelena Abdullayeva təqsirləndirilir. P.Əliyev hazırda Milli Elmlər Akademiyasında, S.Qasımova Tibb Universitetində həkim işlədiyini bildirib. M.Hüseynova və Y.Abdullayeva isə L.Şıxlınskaya adına klinikada qeydiyyatçı işləyib.
Qeyd edək ki, L.Şıxlinskaya Ş.Abbasovanı işdən çıxartdıqdan sonra Baş prokuror yanında Korrupsiyaya Qarşı Mübarizə İdarəsinə müraciət edərək onun klinikadan 1 milyon mənimsədiyini bildirib. Cinayət işi açılıb və istintaq davam etdirilməsi üçün Vergilər Nazirliyinin Vergi Cinayətlərinin İbtidai Araşdırması Departamentinə göndərilib.
Qeyd edək ki, Şıxlinskayanın işçiləri Cinayət Məcəlləsinin 179.3.2-ci (mənimsəmə; külli miqdarda törədildikdə) və 313-cü (vəzifə saxtakarlığı) maddələri ilə ittiham edilirlər.