“Nikoyl” İnvestisiya Kommersiya Bankı” ASC-nin İdarə Heyətinin sabiq sədri Xamaza Vasiliy Viktoroviçin bankdan mənimsədiyi pulların məbləği məlum olub.
FED.az xəbər verir ki, “Report”un əldə etdiyi məlumata görə, V.Xamaza bankın 20 milyon manatdan artıq vəsaitini mənimsəyib.
Hazırda Azərbaycan Baş prokuroru yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinin İstintaq İdarəsində istintaq davam etdirilir. Bundan başqa, “Nikoyl” İnvestisiya Kommersiya Bankı” ASC də onlara dəyən ziyanın məbləğini müyyənləşdirmək üçün araşdırma aparır. Məlumata görə, V.Xamazanın bankdan mənimsədiyi pulların məbləği daha çox ola bilər.
Xatırladaq ki, Azərbaycan Baş prokuroru yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsində “Nikoyl” İnvestisiya Kommersiya Bankı” ASC-nin İdarə Heyətinin sabiq sədri Xamaza Vasiliy Viktoroviç barəsində cinayət işi başlanıb. Cinayət Məcəlləsinin 308.1 (Vəzifə səlahiyyətlərindən sui-istifadə) və 179.3.2-ci (Mənimsəmə və ya israfetmə, külli miqdarda törədildikdə) maddələri ilə başlanmış cinayət işinin istintaqının aparılması Baş İdarənin İstintaq İdarəsinə tapşırılıb.