Demokratlar və respublikaçılar sərhəd divarının tikintisinə vəsaitin ayrılması ilə bağlı danışıqları davam etdirirlər, lakin tərəflər hələlik razılığa gələ bilmirlər.
FED.az xəbər verir ki, bəzi konqresmenlər iki partiyanın mövqeyini əks etdirən qanun layihəsi təqdim ediblər. Layihə müəllifləri, konqresmenlər – Cared Qolden, Den Krenşou və Maks Rouz daha bir şatdaun baş verəcəyi təqdirdə, Prezidentin, vitse-prezidentin və Konqres üzvlərinin məvaciblərinin ödənilməsinin ləngidilməsini təklif ediblər.
Konqresdə demokratların və respublikaçıların liderləri vəd ediblər ki, bu qanun layihəsini dəstəkləyəcəklər. Demokratlar və respublikaçılar hesab edirlər ki, Tramp öz şərtlərindən əl çəkməyəcək və çox güman, şatdaunu təkrarlayacaq. Xatırladaq ki, hökumətin müvəqqəti açılması vaxtının başa çatmasına cəmi 16 gün qalır.
Sonuncu şatdaun zamanı 800 mindən çox federal işçi məvacib ala bilmədiyi üçün çox çətin vəziyyətə düşüb. Xəbər verildiyi kimi, ölkə iqtisadiyyatı şatdauna görə bütövlükdə 11 milyard dollar itirib (azertag).