AZAL-a məxsus təyyarənin dekabrın 25-də Aktau yaxınlığında qəzaya uğraması ilə bağlı Rusiyada aparılan cinayət işi hava gəmisinin “Pansir S-1” HHM sistemi ilə vurulduğunu təsdiq edib.
"AZAL təyyarəsinin "qara qutusu"nda internetə "sızdırılandan"dan daha çox məlumat var"
FED.az xəbər verir ki, bu barədə “Caliber.az” öz mənbələrinə istinadən yazıb.
Bildirilib ki, sözügedən hava hücumundan müdafiə vasitəsi Rusiyaya Suriyadan gətirilib.
Həmçinin qeyd olunub ki, Rusiya təhqiqatı Azərbaycan təyyarəsinə qarşı radioelektron mübarizə sistemlərinin tətbiqini təsdiqləyib. Sözügedən sistemlərin tətbiqi təyyarənin idarəetmə sisteminin sıradan çıxması ilə nəticələnib.
“Rusiyada aparılan istintaq təkcə mülki təyyarəyə atəş açan şəxsi deyil, həm də bu əmri verəni müəyyənləşdirib. Üstəlik, redaksiyamıza artıq bu şəxslərin adları və rütbələri bəllidir, biz bu məlumatı lazım olan vaxtda mütləq oxucularla paylaşacağıq.
Hələ ki biz Kreml rəsmilərinə müraciət edirik: “Əmin olun, faciəyə birbaşa cavabdeh olan şəxslərin adları və rütbələrini artıq bilirik. Əlbəttə ki, siz faktiki olaraq cinayətin ortaqlarına çevrilərək həqiqəti gizlətmək xəttini davam etdirə bilərsiniz. Yaxud da prosesi gecikdirmədən şərəfli iş görüb faciəyə görə məsuliyyəti öz üzərinizə götürə bilərsiniz.
Çünki siz hazırda özünüzü ədalətsiz, açıq-aydın biabırçı aparırsınız. Sizin başqalarını günahlandırmaq, Malayziyanın “Boinq” və yaxud Cənubi Koreya təyyarəsi ilə olduğu kimi onlarla alternativ versiya yaratmaq istəyinizi anlayırıq. Lakin Azərbaycan Rusiya ilə münasibətlərdə heç vaxt bu cür davranmayıb. Hətta 2020-ci ilin noyabrın 9-da Azərbaycan hərbçiləri tərəfindən vurulan hərbi helikopterinizlə bağlı vəziyyətdə... Xatırladaq ki, həmin helikopter aşağı hündürlükdə, söndürülmüş transponderlərlə sərhədin Naxçıvan hissəsinə doğru irəliləyən erməni kolonunu müşayiət edirdi. Prezident İlham Əliyev o zaman bunun qanuni hərbi hədəf olduğunu deyə bilərdi və o, bunda tamamilə haqlı olardı, lakin o, kişi kimi davrandı: O üzr istədi, helikopterin dəyəri ödənildi, həlak olanların ailələrinə təzminat ödənildi.
Eyni zamanda, Qarabağda öldürülən rusiyalı sülhməramlılarla bağlı mifi dağıdaq, onların fotoları internetə məhz sizin xüsusi xidmət orqanlarınız tərəfindən sızdırılmışdı. Rusiyanın sülhməramlı kontingentinə əvvəlcədən xəbərdarlıq edilmişdi ki, 2023-cü il sentyabrın 23-də antiterror əməliyyatı keçirilən gün onların yeganə vəzifəsi bazada qalmaq və burunlarını çölə çıxarmamaqdır. Kontingentin əksər hissəsi isə bu “çətin” tapşırığın öhdəsindən uğurla gəldi. Burada istisnanı xəbərdarlığa məhəl qoymayaraq və öz fəaliyyətlərini Azərbaycan tərəfi ilə razılaşdırmadan bazadan çıxmağa qərar verən bir neçə zabit təşkil edib.
Döyüş fəaliyyətləri zamanı istənilən razılaşdırılmamış avtomobil avtomatik olaraq hədəfə çevrilir və təəssüf ki, bu zabitlər atəşə tutulub. Məhz buna görə çölə çıxmamaqla bağlı dəqiqliklə xəbərdarlıq edilmişdi. Vəziyyətin faciəvi olmasına baxmayaraq, Azərbaycan tərəfi baş verənlərə görə məsuliyyəti öz üzərinə götürdü, üzr istədi və məsul şəxsləri məsuliyyətə cəlb etdi”, - deyə portalın məlumatında qeyd olunub.