Rusiyada yaşayan tanınmış azərbaycanlı iş adamı İskəndər Xəlilova məxsus olan «R Group Holding» («RailQo») şirkəti, şirkətin Moskva ofisinə Rusiyanını hüquq-mühafizə orqanları tərəfindən hücum edilməsi ilə bağlı xəbərləri təkzib edib.
Moskvada xüsusi təyinatlılar azərbaycanlı iş adamının şirkətində axtarışlara başlayıb - YENİLƏNİB
Bu barədə FED.az-a açıqlamasında İskəndər Xəlilovun oğlu, «RailQo» şirkətinin prezidenti Rəhman Xəlilovun əməkdaşı Ənvər İsmayılov bildirib.
Onun sözlərinə görə, ofis hücum olunması xəbəri doğru deyil: «Ofisə hücum olunması barədə xəbər əsassızdır, hazırda biz həm Rusiya, həm də Azərbaycanda bu xəbərləri təkzib etməklə məşğuluq».
Şirkət nümayəndəsinin sözlərinə görə, ofisə basqın və ya burada axtarışların aparılması ilə bağlı xəbərlər həqiqətə uyğun deyil: «Şirkətimiz adi qaydada, necə deyərlər «ştat rejimində» fəaliyyətini davam etdirir»- deyə Ə.İsmayılov FED.az-a bildirib.
Ə.İsmayılov bildirib ki, hazırda «Railqo»nun bütün əməliyyatları, o cümlədən logistika və ticarət əməliyyatları normal şəkildə davam edir
Xatırladaq ki, bu gün Rusiya və Azərbaycan mətbuatında Rusiyada azərbaycanlı iş adamı Rəhman Xəlilova (İskəndən Xəlilovun oğludur – FED.az) məxsus “Railgo” şirkətinin ofisində axtarışlara başlanılması arədə məlumatlar yayılıb. Həmin məlumatlarda bildirilirdi ki, səhər saatlarında şirkətin Moskvanın Lujniki rayonundakı ofisinə xüsusi təyinatlılar və müstəntiqlər gələrək sənədləri müsadirə edib. Onlar həmçinin, əməkdaşların binanı tərk etməsinə də icazə verməyib.
Amma hazırda şirkət bu məlumatları təkzib edir.
Qeyd edək ki, «RailQo» şirkəti – «R Group Holding» bir neçə istiqamətdə fəaliyyət göstərir. Buraya sənaye aktivlərinin idarə edilməsi və inkişafı, sənaye sektorunda investisiya və idarəetmə, resursların istehsalı və hasilatı, nəqliyyat və logistika və sair aiddir. Hazırda holdinqə «R-IT Solutions LLC», «R-Group Advisors LLC», «RK Group SA», «RAIL GLOBAL MMC», «Iodico LLC», «Digital Umbrella LLC» kimi şirkətlər daxildir.
O cümlədən «RailQo» şirkəti Qara dəniz vasitəsilə neft və neft məhsullarının daşınmasını həyata keçirir. “Railgo”nun daşıdığı neftin bir qismi də Azərbaycana məxsusdur.