Yağan güclü yağışlarla bağlı çayların daşması nəticəsində Astaranın 40 kəndi ilə əlaqə kəsilib.
Astara və Lənkəranın kəndlərini su basdı - RƏSMİ MƏLUMAT - VİDEO
FED.az xəbər verir ki, bunu Astara rayon İcra Hakimiyyəti başçısının müavini, rayon Fövqəladə Hallar Komissiyasının sədri Allahverən Mahmudov bildirib.
O qeyd edib ki, Siyaku kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliyinin 9400 nəfər əhalisi olan 24 kəndi, Asxanakəran kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliyinin 2850 nəfər əhalisi olan 10 kəndi, Hamoşam kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliyinin 2750 nəfər olan 6 kəndi, ümumilikdə 15 min nəfər əhalinin yaşadığı 40 kəndlə əlaqə kəsilib.
Taxtananakəran-Toradi avtomobil yolunun 20-ci km-də torpaq sürüşərək 30 metr məsafədə yolu bağlayıb. Zəngüləş kəndində Bəndəsər yaşayış massivində yerləşən Astara kiçik su elektrik stansiyasının su anbarı üçün də təhlükə yaranıb.
Hazırda problemlərin aradan qaldırılması istiqamətində işlər davam etdirilir. Vaqo körpüsündə kiçik həcmli nəqliyyat vasitələrinin hərəkəti üçün aidiyyəti qurumların nümayəndələri tədbirlər görürlər. Günün sonuna kimi yolun bir hissəsinin açılması nəzərdə tutulub.
Qeyd edək ki, Astarada çayların daşması nəticəsində bir neçə körpünü sel aparıb. (Apa)