Parma şəhərindəki ciddi rejimli həbsxanada ömürlük həbs cəzası çəkən Koza Nostra bandasının “xaç atası”, uzun illər Siciliya mafiyasına başçılıq etmiş Toto Riina cümə gününə keçən gecə 87 yaşında vəfat edib.
FED.az xəbər verir ki, İtaliyanın Rai dövlət telekanalının yaydığı məlumata görə, son günlər Riina medikamentoz koma vəziyyətində idi. Cümə axşamı günü 87 yaşı tamam olanda İtaliya ədliyyə nazirinin sərəncamı ilə cinayətkarın yaxın qohumlarının onunla vidalaşmasına icazə verilib. İki cərrahiyyə əməliyyatından sonra “xaç atası”nın yerləşdirildiyi Parma klinik xəstəxanasının xüsusi şöbəsinə onun arvadı, iki qızı və bu yaxınlarda həbsxanadan buraxılmış kiçik oğlu gəlib. Böyük oğlu Covanni isə atası ilə vidalaşa bilməyib. Belə ki, o da dörd qətl hadisəsinə görə ömürlük həbs cəzası çəkir.
Qəddarlığına görə “Vəhşi” ləqəbi almış Toto Riina tarixə ən qanlı mafiya bosslarından biri kimi daxil olub. Onun əmri ilə Romada, Boloniyada, Florensiyada bir neçə terror aktı törədilib, yüzlərlə insan, o cümlədən əfsanəvi italyan müstəntiqləri Covanni Falkone və Paolo Borsellino öldürülüb.
Riinanı yalnız 1993-cü ildə həbs etmək və məhkəmə qarşısına çıxarmaq mümkün olub. O, təkadamlıq kamerada 25 il cəza çəkib.