Banner

Hadisə

İqtisadiyyat İnstitutuna ağır itki - İLKİN SOLTANLI VƏFAT EDİB

İqtisadiyyat İnstitutuna ağır itki - İLKİN SOLTANLI VƏFAT EDİB | FED.az
21:00 20 Sen 2018
AMEA İqtisadiyyat İnstitutunun “Aqrar islahatlar və ərzaq təhlükəsizliyi şöbəsi”nin aparıcı elmi işçisi, iqtisad üzrə fəlsəfə doktoru, dosent İlkin Qalib oğlu Soltanlı 2018-ci il sentyabrın 20-də  ağır xəstəlikdən vəfat edib. 

İ.Soltanlı 1968-ci ildə Ağsu rayonunun Kalva kəndində ziyalı ailəsində anadan olmuşdur. 1985-ci ildə D.Bünyadzadə adına Azərbaycan Xalq Təsərrüfatı İnstitutuna (indiki Azərbaycan Dövlət İqtisad Universiteti)daxil olmuş, 1992-ci ildə fərqlənmə diplomu ilə bitirmişdir. 1992-1993-cü illərdə Dövlət Antiinhisar Siyasəti və Sahibkarlığa kömək Komitəsində iqtisadçı, 1993-1994-cü illərdə MKM Holdinqdə iqtisadi təhlil və informasiya mərkəzinin rəhbəri, 1994-2000-ci illərdə Azərbaycan İqtisadçılar İttifaqında biznes məsələləri üzrə məsləhətçi, 2000-2001-ci illərdə Vergilər Nazirliyinin “Vergilər” qəzetinin əməkdaşı, 2001-2002-ci illərdə “Mətanət –A” şirkətində iqtisadi əlaqələr üzrə baş menecer və iqtisadi məsələlər üzrə müşavir işləmişdi.

 2002-ci ildən AMEA İqtisadiyyat İnstitutunda çalışırdı. 2011-ci ildə iqtisad üzrə fəlsəfə doktoru elmi dərəcəsini, 2013-cü ildə isə dosent elmi adını almışdır. “Rəqabət mühitində aqrar sahənin dayanıqlı inkişafının təmin olunmasının nəzəri problemləri” adlı elmlər doktorluğu dissertasiyası üzərində çalışırdı.

İqtisadiyyatın müxtəlif sahələrində, o cümlədən aqrar sahədə rəqabət qabiliyyətli iqtisadiyyatın formalaşması və dayanıqlı inkişafı, modernləşmə və innovasiya, klasterial inkişaf, istehsal-iqtisadi fəaliyyətin dövlət tənzimlənməsi, sahibkarlıq fəaliyyətinin, həmçinin müxtəlif infrastruktur bölmələrin inkişafı problemlərinə həsr olunan 2 fərdi, 4 kollektiv monoqrafiyanın, 150-yə yaxın elmi məqalə, tezis, digər elmi-populyar əsərlərin müəllifi idi.
 
AMEA İqtisadiyyat İnstitutunun kollektivi İ.Soltanlının vaxtsız vəfatından kədərləndiyini bildirib və mərhumun ailəsinə, yaxınlarına, onu tanıyan bütün dost və yoldaşlarına dərin hüzünlə başsağlığı verib.

FED.-az-ın kollektivi bu itkidən təəssüflənir. İ.Soltanlıya Allahdan rəhmət diləyir, ailəsinə və yaxınlarınə dərin hüznlə başsağlığı veririk.  

Allah rəhmət eləsin!


 

Digər xəbərlər

Banner