“Avroviziya-2022” mahnı müsabiqəsinin final mərhələsində olanlar və ondan sonra verilmiş qərarlar Azərbaycan İctimai Televiziya və Radio Yayımları Şirkətində etirazla qarşılanıb.
İTV Lider TV-nin avadanlıqlarını - SATIN ALDI
FED.az xəbər verir ki, bu barədə İctimai Televiziya və Radio Yayımları Şirkətinin yaydığı məlumatda bildirilib.
Məlumatı təqdim edirik:
"Avroviziya-2022” mahnı müsabiqəsinin final mərhələsi zamanı baş verənlər və ondan sonra verilmiş qərarlar İTV-də təəssüflə qarşılanıb. Bəyan edirik ki, biz müsabiqə təşkilatçılarına azərbaycanlı münsiflərin səs verdiyi ölkələrin adlarını göndərmişdik. Həmin siyahıya əsasən, 12 bal Ukraynaya verilmişdi. Yarışma təşkilatçıları buna cavab olaraq, İctimai Televiziya və Radio Yayımları Şirkətinin nümayəndələrindən final şousunun sonunda heç bir səbəb gətirmədən israrla başqa nəticələrin açıqlanmasını istəyiblər. Biz bu istəyi qətiyyətlə rədd etmişik. Dərhal təşkilatçılara sorğu xarakterli rəsmi məktub göndərilib və canlı yayımda onlardan alınan nəticələrin deyil, bizim jürinin səslərini açıqlayacağımızı, bu məsələni isə ictimailəşdirəcəyimizi bildirmişik. Yalnız bundan sonra bizə cümə axşamı keçirilən yarımfinal mərhələsi zamanı 6 ölkənin, o cümlədən Azərbaycanın səsləri ilə bağlı müəyyən “qəribəliyin” olduğu barədə məlumat verildi. Qeyd edək ki, bu “qəribəlik”lə bağlı bizə cümə axşamından şənbə günü finalın sonuna qədər heç bir məlumat verilməyib, hansısa “sübutlar” indiyə qədər təqdim olunmayıb.
Yayım zamanı İctimai Televiziya və Radio Yayımları Şirkətinin nümayəndəsi Azərbaycanda münsiflərin səsverməsinin nəticələrini elan etməyə tam hazır olmasına baxmayaraq, yarış təşkilatçıları Bakıya bağlanmayıb, bizim adımızdan öz nəticələrini elan ediblər. Bu prosesin Bakıdan aparılmaması isə texniki problemlərlə əlaqələndirilib.
Halbuki bizdə səslərin canlı yayımda elan olunması üçün heç bir texniki problem yox idi. Bir daha vurğulayırıq ki, biz təşkilatçılara İctimai Televiziyanın adından səsləri elan etməyə heç bir hüquq verməmişik.
Biz bu məsələ ilə bağlı rəsmi cavab gözləyirik və ondan asılı olaraq növbəti addımlar atmağı planlaşdırırıq. Ümid edirik ki, yaranmış vəziyyət tezliklə ədalətin qorunması şərtilə çözüləcək".