Bu gün Bakı Hərbi Məhkəməsində sabiq deputat Hüseyn Abdullayev, anası Zeynəb Abdullayeva, Həbib İbrahimov, Xalid Əliyev, Namiq Babayev, İntiqam Süleymanov, Pərviz Kazımov, Zaur Quliyev və Nazim Əliyevin cinayət işi üzrə məhkəmə prosesi davam etdirilib.
FED.az xəbər verir ki, hakim Həbib Həsənovun sədrliyi ilə keçirilən prosesdə ifadə verən təqsirləndirilən Zeynəb Abdullayeva bəzi səhmdarların zavoddan uzaqlaşmasına baxmayaraq onlara dividentlərin verildiyini bildirib: "Bəziləri ünvanı dəyişdi, bəziləri rəhmətə getdi. Amma yenə də dividentlər hesablanırdı".
Prosesdə ifadə verən xalq artisti Gülyaz Məmmədova H.Abdullayevə məxsus obyektin deputat Cavanşir Feyziyev tərəfindən onun adına keçirildiyini bildirib. Gülyaz Məmmədova həmin obyektin yerini bilmədiyini deyib.
Təqsirləndirilən şəxs Zeynəb Abdullayeva bildirib ki, həmin obyekt 4 milyon manata satılıb.
Eləcə də bax: "Beynəlxalq bank işi": Telman İsmayılov bankdan 70 milyon dollar kredit götürüb
Proses aprelin 2-də davam etdiriləcək.
İttihama görə, cinayət işi üzrə Hüseyn Abdullayev və anası Zeynəb Abdullayevadan başqa Həbib İbrahimov, Xalid Əliyev, Namiq Babayev, İntiqam Süleymanov, Pərviz Kazımov, Zaur Quliyev və Nazim Əliyev də təqsirləndirilən şəxs qismində tanınıb. Onlar Cinayət Məcəlləsinin 178.3.1-ci (dələduzluq), 182.3.1-ci (hədə-qorxu ilə tələb etmə), 192.2.2; 192.2.3; 193-1.3.2 və 193-1.3.1-ci ( qanunsuz sahibkarlıq), 213.2.2 və 213.2.1-ci (vergidən yayınma) 228.1-ci (qanunsuz silah saxlama), 312-1.2-ci (rüşvət vermə) 313-cü (vəzifə saxtakarlığı), 308.2-ci (vəzifə səlahiyyətlərindən sui-istifadə etmə), 326.1-ci (rəsmi sənədləri məhv etmə), 318.2-ci (qanunsuz sərhədi keçmə), 342.2-ci (qulluğa səhlənkarlıqla yanaşma); 341.2.3-cü (Hakimiyyətdən sui-istifadə etmə, hakimiyyət həddini aşma və ya hakimiyyətdən istifadə etməmə), 339.2-ci (Sərhəd xidməti qaydalarını pozma) maddələri ittiham olunur. Xatırlaqdaq ki, təqsirləndirilən H.Abdullayev Türkiyə Respublikası ərazisində tutularaq 22 aprel 2018-ci il tarixdə Azərbaycan Respublikasının hüquq mühafizə orqanlarına təhvil verilib.