Kemerovo sakini səhvən hesabına köçürülmüş 30 milyon rubl (885475 manat) pulu geri qaytarmaqdan imtina edib.
FED.az xəbər verir ki, bu barədə Rusiya Daxili İşlər Nazirliyindən məlumat verilib. Bildirilib ki, şirkətin əməkdaşı müştəri ilə hesablaşmalar aparan zaman təsadüfən Kemerovo sakininin debet kartının rekvizitlərini göstərib. Və beləliklə, onun hesabına 30 milyon pul göndərilib. Bu barədə o, sms bildirişlə xəbərdar edilib.
"Hadisədən sonra təşkilatın nümayəndələri həmin şəxsi xəbərdar edərək, pulları geri qaytarmasını xahiş ediblər. Lakin həmin şəxs bundan imtina edib. 20 milyonu başqa hesaba köçürən şəxs 90 min rubl pulu mağazalarda xərcləyib" - deyə məlumatda bildirilir.
Hadisə ilə bağlı cinayət işi açılıb. Müstəntiqlərin tövsiyəsi ilə həmin şəxsin hesabları bloklanıb. Nəticədə pulun çox hissəsi qanuni sahibinə qaytarılıb.
Sputnik Azərbaycan