Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində Diasporla İş üzrə Dövlət Komitəsinin keçmiş sədri Nazim İbrahimov və iş adamı Hacı İbrahim Nehrəmlinin qardaşı Sahib İbrahimovun cinayət işi üzrə məhkəmənin iclası davam etdirilib.
FED.az xəbər verir ki, hakim Ramella Allahverdiyevanın sədrliyi ilə keçirilən prosesdə zərərçəkmiş Səmayə Babayev ifadə verib.
O, S.İbrahimovu tanımadığını, 2013-cü ildə mənzili Eldəniz Cəfərovdan 141 min manata aldığını söyləyib: "Bizi istintaqa çağıranda bildik ki, mənzili başqa şəxslərə də satıblar".
Prokuror zərərçəkmişə suallar verən zaman qeyd edib ki, S.Babayevaya satılan mənzil daha 3 nəfərə satılıb.
Eləcə də bax: Bankdan 15 milyon kredit götürüb qaytarmayan iş adamının məhkəməsi başlayıb
Zərərçəkmiş isə bundan xəbərsiz olduğunu, heç bir şikayət və tələbinin olmadığını söyləyib.
Daha sonra digər zərərçəkmiş Gülbacı Hüseynova dindirilib. O deyib ki, həyət evlərini S.İbrahimova verib, əvəzində ona 8 mənzil vəd edilib: "Bu barədə Sahib müəllimlə danışdıq, mənzilləri isə bizə Məzahir Cəfərov göstərdi. Sonra problem yarandı, biz şikayətçi olduq. Bundan sonra zərərimiz ödənildi və şikayətim yoxdur".
Zərərçəkmiş Mədinə Bağırova ifadəsində söyləyib ki, 2015-ci ildə Xətai rayonunda Məzahir Cəfərovdan 74 min manata ev alıblar. İstintaq dövründə evlərinin başqa şəxslərə satıldığını öyrənən zərərçəkmiş bildirib ki, hazırda da həmin mənzildə yaşayırlar.
Məhkəmənin növbəti prosesi yanvarın 16-na təyin edilib.
Qeyd edək ki, S.İbrahimov Cinayət Məcəlləsinin 178.3.2-ci (dələduzluq; külli miqdarda törədildikdə) və 308-ci (vəzifə səlahiyyətlərindən sui-istifadə) maddələri ilə ittiham olunub. Məhkəmənin qərarı ilə S.İbrahimov barəsində həbs qətimkan tədbiri seçilmişdi. Daha sonra onun barəsində ev dustaqlığı qətimkan tədbiri seçilib və azadlığa buraxılıb.
Xatırladaq ki, mətbuatda daha əvvəllər də S.İbrahimovun tikinti şirkətinin vətəndaşları aldatması ilə bağlı şikayət məktubları yer alıb. Belə ki, şikayətçilər müqavilə əsasında şirkətə pul ödəsələr də, mənzillərin onlara verilmədiyini bildiriblər.
Cinayət işində 52 zərərçəkmiş var. Ümumilikdə isə onlara 2 milyon manat ziyan dəyib.
Məlumata görə, S.İbrahimov zərərçəkmişlərə dəymiş zərərin bir qisimini ödəyib.