Respublika Baş Prokurorluğu, Daxili İşlər Nazirliyi və Dövlət Təhlükəsizliyi Xidməti Gəncə icra başçısı Elmar Vəliyev və mühafizəçisinin güllələnməsi ilə bağlı rəsmi açıqlama yayıb.
FED.az xəbər verir ki, hər üç qurumun birgə yaydığı məlumatda qeyd olunur ki, 2018-ci il iyulun 3-də, saat 20.30 radələrində Gəncə Şəhər İcra Hakimiyyətinin başçısı Elmar Vəliyev və onun mühafizəçisi Qasım Aşbazov İcra Hakimiyyətinin inzibati binasının qarşısında naməlum şəxsin odlu silahdan açdığı atəş nəticəsində müxtəlif dərəcəli bədən xəsarətləri alıb və xəstəxanaya yerləşdirilib.
Məlumata görə, cinayəti törətmiş 1983-cü ildə Gəncə şəhərində anadan olmuş Yunis Səfərov dərhal həmin ərazidə xidmət aparan polis əməkdaşları tərəfindən tutulub tərksilah edilib.
Fakt üzrə Azərbaycan Respublikasının Baş Prokurorluğunda Cinayət Məcəlləsinin 29, 120.2.3-cü, 120.2.7-ci (zərərçəkmiş şəxsin xidməti vəzifəsini və ya ictimai borcunu yerinə yetirməsi ilə əlaqədar qəsdən adam öldürməyə cəhd) və 228-ci (qanunsuz olaraq odlu silah əldə etmə) maddələri ilə cinayət işi başlanılaraq prokurorluğun, Daxili İşlər Nazirliyinin və Dövlət Təhlükəsizliyi Xidmətinin təcrübəli əməkdaşlarından ibarət istintaq-əməliyyat qrupu yaradılıb.
Hazırda cinayətdən zərər çəkmiş Elmar Vəliyevin və Qasım Aşbazovun səhhəti qənaətbəxş olmaqla hər ikisi ixtisaslı tibbi yardımla əhatə olunub.
Cinayət işi üzrə istintaq hərəkətləri və əməliyyat-axtarış tədbirləri davam etdirilir. Nəticələri barədə əlavə məlumat veriləcək.
Həyata keçirilən tədbirlər ölkə Prezidentinin şəxsi nəzarətindədir.
*****
“Gəncənin icra başçısı Elmar Vəliyev məruz qaldığı silahlı hücum zamanı yaralanıb, amma onun vəziyyəti ağır deyil”.
FED.az xəbər verir ki, bu barədə AzVision.az-a Səhiyyə Nazirliyinin mətbuat xidmətinin rəhbəri Pərviz Abubəkirov məlumat verib.
Nazirlik rəsmisi bildirib ki, hazırda Elmar Vəliyevə lazımi yardım göstərilir, həyatı üçün ciddi təhlükə yoxdur.
***
“Gəncə Şəhər İcra Hakimiyyətinin başçısı Elmar Vəliyevin səhhəti normaldır”.
FED.az əbər verib ki, bu barədə AzərTac-a Gəncə Şəhər İcra Hakimiyyətinin mətbuat xidmətindən məlumat verilib.
Məlumatda qeyd olunub ki, Elmar Vəliyevin ölümü və ya ağır xəsarət alması ilə bağlı bəzi KİV-lərdə yayılmış məlumatların heç bir əsası yoxdur. Bunlar əsassız, heç bir fakta söykənməyən şayiələrdir.
*****
Prezidentin köməkçisi Elmar Vəliyevə sui-qəsddən danışdı
“Gəncə İcra Hakimiyyətinin başçısı Elmar Vəliyevə sui-qəsd olub”. FED.az xəbər verir ki, bu barədə Prezidentin İctimai-siyasi məsələlər üzrə köməkçisi Əli Həsənov “BBC News Azərbaycan”a bildirib.
“Bununla bağlı narahatlığa əsas yoxdur. Elmar Vəliyevin vəziyyəti yaxşıdır. Mühafizəçisi xəsarət alıb. Söhbət adi kriminal hadisədən gedir. Cinayəti törədən şəxs polis tərəfindən yaxalanıb”,- deyə Əli Həsənov vurğulayıb.
*******
Gəncənin icra başçısı Elmar Vəliyev hücuma məruz qalıb.
FED.az-ın verdiyi məlumata görə, E. Vəliyev Gəncədə univermağın qarşısında silahlı hücuma məruz qalıb.
Sayt hadisə nəticəsində Elmar Vəliyevin mühafizəçisinin həlak olduğunu, yaralı icra başçısının isə Gəncə Mərkəzi Klinik Xəstəxanasına yerləşdirildiyini qeyd edib.
***
Oxu.az xəbər verir ki, Gəncənin icra başçısı Elmar Vəliyevə Yunus adlı şəxsin atəş açdığı məlum olub. Həmin şəxs artıq həbs edilib.
İcra başçısının yerləşdirildiyi Gəncə Mərkəzi Klinik Xəstəxanasından E. Vəliyevin vəziyyəti ilə bağlı açıqlama verməkdən imtina ediblər.
***
APA-nın məlumatına görə, Gəncə İcra Hakimiyyətinin başçısı Elmar Vəliyevə hüquq-mühafizə orqanları tərəfindən axtarışda olan silahlı şəxs hücum edib.
Hücum nəticəsində icra başçısının mühafizəçinin yaralandığı bildirilir.
İlkin məlumata görə, E. Vəliyev hadisə nəticəsində xəsarət almayıb.
Daxili İşlər Nazirliyindən faktı təsdiqləyiblər.
Məlumatda hücum edən şəxsin saxlanıldığı bildirilir.
***
Gəncənin icra başçısı Elmar Vəliyevə silahlı hücumun təfərrüatı məlum olub.
Hüquq-mühafizə orqanlarından APA-ya verilən məlumata görə, hadisə bu gün axşam saatlarında Gəncə şəhər İcra Hakimiyyətinin inzibati binasının qarşısında qeydə alınıb. E. Vəliyevə tapançadan atəş açan şəxsin axtarışda olan şəxs olduğu bildirilir.
Həmin şəxs saxlanılıb və hadisə yerindən 3 ədəd giliz götürülüb.
Faktla bağlı Cinayət Məcəlləsinin 29, 120.2.7-ci (iki və daha artıq şəxsi öldürməyə cəhd) və 228-ci (qanunsuz olaraq odlu silah gəzdirmə) maddəsi ilə cinayət işi başlanıb, istintaq hərəkətləri davam etdirilir.