Bakı Apellyasiya Məhkəməsi “Bank Standard”ın əmanətçilərinin KPMG-yə (Klynveld Peat Marwick Goerdeler) qarşı vurulan zərərin ödənilməsi barədə kollektiv iddiası üzrə Nəsimi rayon məhkəməsinin qərardadını (iddianın geri qaytarılması barədə) ləğv edib və sonuncuya iddia tələbinə baxmağı həvalə edib.
FED.az xəbər verir ki, bu barədə “Bank Standard”ın Kreditorlar Komitəsinin sədri Əkrəm Həsənov məlumat yayıb. Onun sözlərinə görə, Bakı Apellyasiya Məhkəməsi Maliyyə Bazarlarına Nəzarət Palatasının rəhbərliyinə qarşı iddia üzrə də analoji qərar qəbul edib: "Hələlik qərar bizə təqdim olunmayıb. Qərar bizə təqdim olunandan sonra Nəsimi rayon məhkəməsi növbəti məhkəmə iclasının vaxtını elan edəcək. Nəsimi rayon məhkəməsi hesab etmişdi ki, kollektiv iddia irəli sürmək olmaz. Bakı Apellyasiya Məhkəməsinin qərarına görə isə kollektiv iddia irəli sürülə bilər".
Ə.Həsənov əlavə edib ki, Bakı Apellyasiya Məhkəməsi “Bank Standard”ın əmanətçilərinin Mərkəzi Bankın rəhbərliyinə qarşı iddianın geri qaytarılması barədə Nəsimi rayon məhkəməsinin qərardadına da yenidən baxacaq. O, Bakı Apellyasiya Məhkəməsinin “Bank Standard”ın əmanətçilərinin Mərkəzi Bankın rəhbərliyinə qarşı iddianın geri qaytarılması barədə Nəsimi rayon məhkəməsinin qərardadının ləğv ediləcəyinə ümid etdiyini vurğulayıb.