Keçmiş milli təhlükəsizlik naziri Eldar Mahmudovun bu gün yenidən Baş Prokurorluğun Ağır Cinayətlərə qarşı İstintaq İdarəsinə çağırıldığı və ifadə verdiyi məlum olub.
FED.az “AzPolitika”ya istinadən xəbər verir ki, bu dəfə Mahmudov oğlu Anar Mahmudovun biznesi, ölkədən çıxardığı külli miqdarda pulla bağlı dindirilib. A.Mahmudovun ölkədən xaricdəki şirkətlərinin adına çıxardığı vəsaitin ümumi məbləği 1 milyard dollardan artıq olub.
Xatırladaq ki, Eldar Mahmudovun köməkçisi və qohumu, hazırda həbsdə olan Vüqar Mahmudovun işi üzrə istintaqa cəlb edilib. Bu iş üzrə onun azı iki dəfə ifadə verdiyi məlumdur, çünki keçmiş nazirin İstintaq İdarəsindən çıxarkən fotolarını çəkib yaymışdılar. Habelə MTN-çilərdən zərər çəkənlərin bir neçəsi Mahmudovu güdüb idarədən çıxarkən yaxalamışdı və üzünə tüpürmüşdü.
İndi E.Mahmudovun oğlunun ölkədən 1 milyard dollar pul çıxarması epizodu üzrə dindirilməsi barədə xəbər təsdiqlənərsə bu o deməkdir ki, keçmiş nazirin ardınca oğlu da istintaqa cəlb olunacaq. Hansı ki, Anar Mahmudovun “Caspian Crystal” holdinqinin rəhbəri kimi hazırda da biznesini davam etdirir.
Digər maraqlı məqam bundan ibarətdir ki, bir neçə ay əvvəl Bakı Ağır Cinayətlər Məhkəməsi cinayət yolu ilə əldə edilmiş 1.7 milyard dolları leqallaşdırmaqda və xarici offşor hesablara ötürməkdə təqsirləndirilən iki nəfərə-Malik Əliyevə və Vüqar Osmanova hökm çıxarıb, onları uzunmüddətli həbsə məhkum edib. Lakin bu cinayət işinin təfərrüatları ilə bağlı məlumat yoxdur, bununla belə həmin şəxslərin əslində Mahmudovun qruplaşmasına daxil olduqlarını göstərən bəzi dəlillər var.