Oğuza toy mərasiminə gedən Bakı şəhər sakini hoteldə ölmüş halda tapılıb.
FED.az xəbər verir ki, hadisə bu gün səhər saatlarında şəhər ərazisində yerləşən hotellərdən birində qeydə alınıb. 1966-cı il təvəllüdlü, Bakı şəhəri Yasamal rayon sakini Sübhan Ağakişi oğlu Quliyevin yüksək təzyiqdən dünyasını dəyişdiyi bildirilir.
Qeyd olunub ki, ötən gün toy mərasimində iştirak edən 57 yaşlı S.Quliyev toydan sonra hotelə gəlib. Gecə saatlarında onun təzyiqi yüksəlib, təcili tibbi yardım briqadası dəvət edilib. Ona tibbi yardım göstərilib.
Səhər saatlarında hotel əməkdaşları S. Quliyevi otağında ölmüş vəziyyətdə aşkar ediblər.
Faktla bağlı Oğuz rayon prokurorluğunda araşdırma aparılır.
Sübhan Quliyevin Dövlət Turizm Agentliyinin sədrinin müşaviri olduğu bildirilir.
Dövlət Turizm Agentliyindən Sübhan Quliyevin DTA sədrinin müşaviri olduğu təsdiqlənib. Bildirilib ki, onun ölüm səbəbi araşdırılır. (Apa)