“Crocus City Hall”da terror aktında şübhəli bilinən şəxslərin qaçdığı “Renault” markalı avtomobil martın 23-nə keçən gecə Xatsun vilayətinin Bryansk kəndi yaxınlığında tapılıb.
FED.az xəbər verir ki, bu barədə Dövlət Dumasının deputatı Aleksandr Xinşteyn Telegram kanalında məlumat verib .
Millət vəkilinin sözlərinə görə, avtomobil hüquq-mühafizə orqanlarının əməkdaşlarının tələbi ilə dayanmayıb və qaçmağa cəhd edib: “Təqib zamanı atışma açılıb və avtomobil aşıb. Bir terrorçu yerindəcə saxlanılıb, qalanları meşədə itib”, - Xinşteyn yazıb.
Deputatın sözlərinə görə, ikinci şübhəli Moskva vaxtı ilə saat 3:50 radələrində tapılaraq saxlanılıb. Digərlərinin axtarışları davam etdirilir, bütün hüquq-mühafizə orqanları əməliyyata cəlb olunub.
Xinşteynin sözlərinə görə “Renaultnun" salonunda PM tapançası , AKM avtomatı üçün maqazin və Tacikistan vətəndaşlarının pasportları tapılıb. O, həmçinin terrorçu olduğu iddia edilən şəxslərin avtomobilindən tapılan silahların fotosunu dərc edib .