Bakının Nizami rayonu ərazisindəki ticarət mərkəzində baş vermiş yanğın nəticəsində zərər çəkmiş sahibkarlara maddi yardımın göstərilməsi barədə prezident İlham Əliyevin Sərəncamının icrası məqsədilə İqtisadiyyat Nazirliyində yaradılmış İşçi Qrupu tərəfindən sahibkarların fərdi qəbulu davam edir.
İqtisadiyyat Nazirliyindən FED.az-a verilən məlumata görə, martın 29-dan etibarən İqtisadiyyat Nazirliyinin tabeliyində Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin inzibati binasında (ünvan: Atatürk prospekti 134, telefon: 012-404-04-01) keçirilən qəbulda sahibkarların problemləri, onlara dəymiş maddi ziyan, fəaliyyətlərinin təşkili və davam etdirilməsi ilə bağlı fikirləri öyrənilir, baş vermiş hadisə ilə əlaqədar fəaliyyətlərinin bərpa edilməsində yaranmış çətinliklər və bu istiqamətdə görülməsi zəruri olan işlər müzakirə olunur.
Martın 30-da İşçi Qrupu tərəfindən 268 sahibkar fərdi qaydada qəbul edilmişdir. Qəbul zamanı aparılmış müzakirələrin nəticəsi olaraq 245 sahibkar 6066 m2 sahədə ticarət obyektinə ehtiyaclarının olduğunu bildirib və bu istiqamətdə işlərə başlanılıb.
Məlumat üçün qeyd edək ki, İqtisadiyyat Nazirliyi tərəfindən ticarət mərkəzləri ilə aparılmış müzakirələr nəticəsində əldə olunmuş razılığa əsasən ilkin olaraq Bakı şəhərinin müxtəlif ərazilərində yerləşən ümumi sahəsi 12000 m2 olan 350-yə yaxın ticarət obyekti 5 ay icarə haqqı ödənilməmək şərti ilə istifadə etmələri üçün sahibkarlara təklif edilmişdir.
Qəbul zamanı İqtisadiyyat Nazirliyinin Sahibkarlığın İnkişafı Fondunun vəsaitləri hesabına güzəştli kreditlərin verilməsi imkanları da sahibkarların diqqətinə çatdırılıb və 220 sahibkar 8,5 milyon manat güzəştli kreditdən istifadə etmək istədiklərini bildirilmişdir. Bununla bağlı Sahibkarlığın İnkişafı Fondu tərəfindən həmin sahibkarlarla ilkin işlərə başlanılmış və zəruri məlumatlandırma aparılmışdır.
Ümumilikdə 29-30 mart tarixlərində İşçi Qrupu tərəfindən keçirilmiş qəbulda 410 sahibkar fərdi qaydada qəbul edilmişdir. Onlardan 346 sahibkar tərəfindən 14,8 milyon manat güzəştli kreditə, 380 sahibkar tərəfindən isə 11,9 min m2 ticarət obyektinə ehtiyac olduğu bildirilmişdir.
Sahibkarların fərdi qəbulu bu gün də davam etdiriləcək və zərurət yaranarsa qəbul müddəti uzadılacaqdır.
"Diqlas"dakı sahibkarlar 14,8 milyon manat - GÜZƏŞTLİ KREDİT İSTƏYİR
15:47
31 Mart 2019