Hadisə

Çay evi tikmək üçün məndən 100 min manat istədi - MƏHKƏMƏ İŞİ

Çay evi tikmək üçün məndən 100 min manat istədi - MƏHKƏMƏ İŞİ | FED.az
08:03 18 Yan 2019

Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində rüşvət almada təqsirləndirilən Xətai rayon Mənzil Kommunal Təsərrüfat Birliyinin sabiq rəis müaviniXalid Məmmədovun cinayət işi üzrə məhkəmə prosesi davam etdirilib. 

FED.az xəbər verir ki, hakim Mahmud Ağalarovun sədrliyi ilə keçirilən prosesdə şahid qismində Elsevər Rufullayev ifadə verib.

O bildirib ki, 2018-ci ilin fevral ayında Xətai rayon ərazisində çay evi tikmək üçün qohumu Oruc adlı şəxs vasitəsilə X. Məmmədova müraciət edib. Onun sözlərinə görə, X. Məmmədov ondan 100 min manat pul istəyib:

"Xalid Məmmədovun yanına getdik. Əvvəl Xalid məndən 100 min, 90 min və 60 min manat pul istədi. Sonra tikinti aparmaq üçün 40 minə razılaşdıq. Xalid Qaçay Əzizli ilə telefonda danışıb, məni onun yanına göndərdi. Qaçay torpağa eskiz çəkib, verdi. Torpağın sənədini isə Orucun tanışı Əli adlı şəxs düzəltdirib vermişdi.

Tikinti işlərinə başlayan kimi Bakı Şəhər İcra Hakimiyyətinin Nail adlı əməkdaşı ilə, Fövqəladə Hallar Nazirliyinin Babək adlı əməkdaşı gəlib, işi dayandırdılar. Sonra Xalidə zəng edib bu barədə məlumat verdim. Onun yanına gedəndə, sənədi Xalidə göstərdim. Xalid sənədin saxta olduğunu bildirdi. Mənim tikinti işlərimi Oruc aparırdı". 

E. Rufullayev qeyd edib ki, X. Məmmədov ondan daha 5 min manat pul istəyib:

"Xalid dedi ki, 5 min manat da versəm, Fövqəladə Hallar Nazirliyinin əməkdaşı ilə söhbəti həll edəcək. Mən də 5 min manatı Xalidin sürücüsünə verdim. Sonradan iş yenidən dayandırıldı və aldanıldığımı bildim".

X. Məmmədov isə E. Rufullayevdən 40 min manat pul almadığını söyləyib:

"Ondan pul almamışam. Ümumiyyətlə aramızda pul söhbəti olmayıb". 

Hakim bildirib ki, cinayət işində X. Məmmədov E. Rufullayev arasında çoxlu sayda telefon danışığı olub.

Məhkəmədə elan olunub ki, həmin sənəddə Bakı Şəhər İcra Hakimiyyətinin keçmiş başçısı, mərhum Rəfael Allahverdiyevin saxta imzası olub:

"Onlar keçmiş başçının imzası ilə saxta səhəd hazırlayıblar".

Hakim deyib ki, cinayət işində adı keçən E. Rufullayev, İlham Məlikov, Oruc Rzayev və Bakı Şəhər İcra Hakimiyyətinin Nail adlı əməkdaşı barəsində cinayət işi başlanılıb, ayrıca icraata ayrılıb və hazırda Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsində araşdırılır.

Məhkəmə prosesi yanvarın 18-də davam etdiriləcək. 

Qeyd edək ki, Xətai rayon Mənzil Kommunal Təsərrüfat Birliyinin keçmiş rəis müavini X. Məmmədov Baş prokuroru yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinin əməkdaşları tərəfindən saxlanılıb.

Məlumata görə, o, Dövlət Şəhərsalma və Arxitektura Komitəsindən Baş Prokurorluğa təqdim olunmuş materiallar əsasında həbs edilib. O, Xətai rayonunda bir sıra qanunsuz tikililərə görə və rüşvət almada təqsirli bilinir.

İttiham aktına əsasən, Xətai rayon Mənzil Kommunal Təsərrüfat Birliyinin keçmiş rəis müavini X. Məmmədov işlədiyi dövrdə qulluq mövqeyindən sui-istifadə edərək, bir sıra qanunsuz tikililərə görə rüşvət alıb. 

Onun Cinayət Məcəlləsinin 311-ci (rüşvət alma), 34, 312-ci (rüşvət verməyə təhrik etmə), 178-ci (dələduzluq) maddələri ilə ittiham irəli sürülüb. 

X. Məmmədov Xətai Rayon İcra Hakimiyyətinin sabiq başçısı Razim Məmmədovun qohumudur. 

Digər xəbərlər

Banner