Türkiyədə zəlzələdən zərər çəkənlərə yardım məqsədilə Azərbaycandan göndərilən modul evlərin müəyyən bir bölgədə toplanması istiqamətində işlər görülür.
Azərbaycandan Türkiyəyə 90 ədəd müasir modul tipli ev göndərilir - FOTO
FED.az xəbər verir ki, bu barədə Türkiyənin Azərbaycandakı səfiri Cahit Bağcı jurnalistlərə açıqlamasında bildirib.
"Konteyner-evlər bir bölgədə toplanacaq və müvəqqəti sığınacaq olaraq istifadə ediləcək. Zəlzələnin ilk günü Azərbaycanda 24 saat dayanmadan iş getdi, 15 TIR yardım Türkiyəyə yola salındı. İndi də dəmir yolu vasitəsilə yola salınan humanitar yardım 10 milyonluq Azərbaycanın isti ürəyini, səmimiyyətini əks etdirir. Türk milləti Azərbaycan xalqının pis gündə onun yanında olduğunu unutmayacaq", - deyə səfir əlavə edib.
Qeyd edək ki, bu gün ‘’Azərbaycan Dəmir Yolları’’ QSC-nin sədri Rövşən Rüstəmov və Türkiyə Respublikasının Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri Cahit Bağçının iştirakı ilə Biləcəri dəmir yolu stansiyasından qardaş ölkəyə 25 konteynerdən ibarət humanitar yük yola salınıb.
Xatırladaq ki, fevralın 6-da Türkiyənin Kahramanmaraş vilayətinin Pazarcık rayonunda 7,7 bal, Elbistan rayonunda 7,6 bal gücündə iki zəlzələ baş verib. Dərinliyi 7 kilometr olan zəlzələ 10 vilayətdə ciddi dağıntılara səbəb olub. Zəlzələdən zərər çəkmiş 10 vilayətdə üç ay müddətinə fövqəladə vəziyyət rejimi elan olunub. Həmçinin Türkiyədə bir həftəlik matəm elan olunub. (Trend)