Tanınmış Braziliya şirkəti azərbaycanlı iş adamını 163 298 ABŞ dolları (278 423 manat) dəyərində aldadıb.
Bununla bağlı Səbail rayon polis idarəsindən məlumat verilib.
Hələlik məlum olan odur ki, aldadılmış biznesmen Bakı sakini, 49 yaşlı Niftəliyev Malik Məmməd oğludur. Kişi polisə deyib ki, hələ 2018-ci ilin oktyabrında Braziliyanın BRF (Brasil Foods) şirkəti ilə Azərbaycana ət məhsullarının və yarımfabrikatların gətirilməsi ilə bağlı saziş imzalayıb.
Şirkət azərbaycanlıdan buna görə hesabına 163 298 ABŞ dollar köçürülməsini istəyib. Pul köçürülsə də, şirkət üzərinə düşən öhdəliyi yerinə yetirməyib.
Niftəliyev yarım il gözləsə də, nəticə olmayıb. Hazırda hüquq-mühafizə orqanları əcnəbilər tərəfindən törədilmiş külli miqdarda dələduzluğun araşdırılması ilə məşğuldur.
Qeyd edək ki, “BRF-Brasil Foods” şirkəti qida sənayesində fəaliyyət göstərir və müxtəlif qida məhsullarının istehsalı ilə məşğuldur. Bura müxtəlif markalara satılan ət məhsulları və yarımfabrikatlar daxildir. Xatırladaq ki, Braziliya toyuq və toyuq məhsullarının əsas tədürükçülərindədir.
“BRF-Brasil Foods” şirkətinin səhmdarları ABŞ-ın NYSE və San-Paulu fond birjalarıdır.
Kənd Təsərrüfatı Nazirliyindən bildirilib ki, Azərbaycan bazarlarında Braziliya istehsalı toyuq əti 5-7 il əvvəl meydana çıxıb. Qeyd edilib ki, hətta bir müddət əvvəl Braziliya istehsalı 23 ton toyuq əti Azərbaycana gətirilən zaman soyuducuda yaranmış nasazlıq səbəbindən yararsız vəziyyətə düşüb. Nazirlik rəsmisi bütün məhsulların məhv edildiyini əlavə edib.