Minatəmizləmə Agentliyi ilə (ANAMA) əməkdaşlıq edən Böyük Britaniyaya məxsus RPS Energy Ltd. şirkətinin üç əməkdaşı Tərtərdə avtomobillə hərəkətdə olarkən minaya düşüblər.
FED.az xəbər verir ki, DİN-in Mətbuat xidmətinin regional qrupundan “Qafqazinfo”ya bildirilib ki, hadisə Talış-Tapqaraqoyunlu ərazisində qeydə alınıb.
Partlayış nəticəsində hər üç şəxs həlak olub. Bunlar 1982-ci il təvəllüdlü Nadir Yusifov, 1981-ci il təvəllüdlü Səxavət Gözəlov və 1996-cı il təvəllüdlü Fərid Sədiyevdir.
Tank əleyhinə minanın partlayışı nəticəsində həlak olanlar RPS Energy Ltd. şirkəti ilə çalışanlar olub.
Baş Prokurorluq mina partlayışı ilə bağlı məlumat yayıb.
Qurumdan FED.az-a bildirilib ki, aprelin 28-də Tərtər rayonunun Talış kəndindən Tapqaraqoyunlu kəndi istiqamətində olan ərazidə mina partlayışının baş verməsi barədə rayon prokurorluğuna məlumat daxil olub.
İlkin araşdırma zamanı qeyd olunan ərazidə tank əleyhinə minanın partlaması nəticəsində 3 nəfərin ölməsi müəyyən edilib.
Faktla bağlı Tərtər rayon prokurorluğunda Cinayət Məcəlləsinin müvafiq maddəsi ilə cinayət işi başlanıb.
Əlavə məlumat veriləcəkdir.