Binəqədi rayonu 9 mikrorayon ərazisində Mircəlal Paşayev küçəsində yerləşən “Favorit” marketdə yanğın hadisəsi baş verib.
FED.az Apa-ya istinadən xəbər verir ki, yanğın nəticəsində əraziyə Fövqəladə Hallar Nazirliyinin Yanğından Mühafizə bölməsinin 4 briqadası cəlb olunub. 
Binəqədi rayon Polis İdarəsinin və mühafizə polisinin əməkdaşları da hadisə yerindədir.
Yanğın marketin anbarında baş verib. Anbardan malları çıxararkən mühafizə polisinin bir əməkdaşı - Elnur Niftəliyev tüstüdən zəhərlənib. O, dərhal 1 saylı şəhər xəstəxanasının Toksikologiya şöbəsinə yerləşdirilib.
Marketin rəhbərliyindən verilən ilkin məlumata görə, yanğının baş verməsinə səbəb anbarda elektrik naqillərində yaranmış qısaqapanma olub.
Yanğın FHN-in yanğından mühafizə bölməsi tərəfindən tam söndürülüb.
Faktla bağlı araşdırma aparılır.
 



 
            
 
                            
                            
                        
 
                 
                 
                 
                 
                 
                 
                 
                 
                 
                 
                 
                








