Sumqayıt Apellyasiya Məhkəməsində oğurluqda təqsirləndirilən Saleh Atayevin barəsində olan hökmdən verilən apellyasiya şikayəti üzrə məhkəmə iclası başa çatıb.
Hakim Vidadi Cəfərovun sədrliyi ilə keçirilən prosesdə qərar elan olunub.
Qərara əsasən, S.Atayevin apellyasiya şikayəti qismən təmin edilib, birinci instansiya məhkəməsinin çıxardığı hökm dəyişdirilib.
Belə ki, onun 8 il müddətinə azadlıqdan məhrumetmə cəzası 6 ilə endirilib.
İttiham aktına əsasən, S.Atayev tamah niyyəti ilə mütəşəkkil dəstənin tərkibində özgənin əmlakını gizli olaraq talayıb zərərçəkmiş şəxsə külli miqdarda ziyan vurmaqla oğurluq edib.
Belə ki, o, özgənin əmlakını gizli olaraq talama məqsədi ilə Həbibov Vüqar Arif oğlunun təşkil etdiyi Kərimov Namik İlham oğlu, Abbasov Dilqəm Baris oğlu, Atamalıyev Taleh Cahangir oğlu və özünün fəaliyyət göstərdiyi sabit cinayətkar qrup-mütəşəkkil dəstənin tərkibində 2013-cü ilin noybarın 16-da Şamaxı rayonunun Dağ-Göylər kəndində yerləşən kənd sakini Nəbiyev Qabil Allahverdi oğluna məxsus olan ərzaq dükanının pəncərəsinin barmaqlıqlarını dəmir alətlə sındırıblar. Onlar pəncərədən dükana daxil olub, orada quraşdırılmış Azərbaycan Beynəlxalq Bankının Şamaxı filialına məxsus saxlanc yeri olan 781 nömrəli bankomatın seyf qapısını özləri ilə gətirdikləri qaynaq aparatı ilə kəsib açaraq nağd pulların saxlandığı sandıqlarda olan 56 369 manat pulu oğurlayıblar.
Hadisədən sonra oğurluqda şübhəli bilinən şəxslər saxlanılıb. Lakin S.Atayev tutulan şəxslər arasında olmayıb. Çünkü o, hadisədən sonra Rusiyada qaçıb. Hüquq-mühafizə orqanlarının əməkdaşları S.Atayevi axtarışa verib. O, bir müddətdən sonra Rusiyada tutularaq Azərbaycana təhvil verilib.
S.Atayev Cinayət Məcəlləsinin (CM) 177.3.1-ci (oğurluq, mütəşəkkil dəstə tərəfindən törədildikdə), 177.3.2-ci (oğurluq, külli miqdarda ziyan vurmaqla törədildikdə) maddələri ilə ittiham olunub.
O, Bakı Ağır Cinayətlər Məhkəməsinin 12 aprel 2017-ci il tarixli hökmü ilə 8 il müddətinə azadlıqdan məhrum edilib. Məhkəmənin hökmündən narazı qalan məhkumun müdafiəçisi apellyasiya şikayəti verərək hökmün dəyişdirilməsini, müvəkkilinə təyin edilmiş cəzanın CM-nin 70-ci (şərti məhkum etmə) maddəsinə əsasən şərti olaraq tətbiq edilməsini istəyib.
Müdafiəçi apellyasiya şikayətini bununla əsaslandırıb ki, S.Atayev ibtidai istintaq və məhkəmə istintaqı zamanı özünü tam təqsirli bilərək törətdiyi əməldən peşman olduğunu deyib və dəymiş ziyanı aradan qaldırıb. Birinci instansiya məhkəməsi cəza təyini zamanı onun şəxsiyyətini, ilk dəfə cinayət törətdiyini, dəymiş ziyanı tam ödədiyini, cəzasını yüngülləşdirən halların olmasını, cəzanı ağırlaşdıran halların olmamasını nəzərə almamış, barəsində ağır cəza təyin edib.