26 mart tarixində Bakının Nizami rayonu ərazisində "Diqlas” ticarət
mərkəzində baş vermiş yanğın nəticəsində burada ticarətlə məşğul olan
sahibkarlara xeyli miqdarda ziyan dəymişdir.
Hər zaman olduğu kimi, bu dəfə də Prezident İlham Əliyevin timsalında
dövlət vətəndaşlarına arxa durdu, sahibkarlara dəstək oldu. Dövlət başçısı
mərkəzi və yerli icra qurumlarının rəhbərlərinin iştirakı ilə təcili müşavirə
keçirmiş, “Baş vermiş yanğınla əlaqədar Komissiyanın yaradılması haqqında”
28 mart 2019-cu il tarixli və “Baş vermiş yanğın nəticəsində zərər çəkmiş
sahibkarlara maddi yardım göstərilməsi haqqında” 29 mart 2019-cu il tarixli
Sərəncamlar imzalamışdır.
Baş vermiş hadisə ilə bağlı ölkə Prezidentinin çağırışına cavab olaraq
yanğın nəticəsində zərər çəkmiş sahibkarlara kömək göstərilməsi məqsədilə
banklarda kredit borcu olan sahibkarların kreditlərinin restrukturizasiya
olunması, kreditlərə görə hesablanmış cərimələrin (peniyaların)
bağışlanması, faizlərinin aşağı salınması məsələri Azərbaycan Banklar
Assosiasiyasının Rəyasət Heyətinin 29 mart 2019-cu il tarixdə keçirilmiş
iclasında müzakirə olunmuşdur.
Qeyd olunan məsələ ilə əlaqədar çıxış və təkliflər dinlənildikdən sonra
"Diqlas” ticarət mərkəzində baş vermiş yanğın zamanı zərər çəkmiş
sahibkarların Azərbaycan Banklar Assosiasiyasının üzv bankları tərəfindən
kreditlərinin restrukturizasiya olunması, hesablanmış cərimələrin
(peniyaların) silinməsi, faizlərinin aşağı salınması, eləcə də onlara,
müraciətləri əsasında, qaydalar çərçivəsində yeni kreditlərin verilməsi və bu
tədbirlərin icrasına dərhal başlanılması ilə bağlı qərar qəbul edilmişdir.
İclasın sonunda Azərbaycan Banklar Assosiasiyasının üzvləri "Diqlas”
ticarət mərkəzində zərər çəkmiş sahibkarlara köməklik məqsədilə böyük
humanist addım atdığına görə Azərbaycan Respublikasının Prezidenti
İlham Əliyevə təşəkkür ediblər.
Banklar "Diqlas'dakı sahibkarlara kredit güzəşti verəcəklər - QƏRAR
13:40
3 Aprel 2019