Mingəçevirdə əsas düyün yarımstansiyasında baş vermiş açılma su təchizatına da təsir göstərib.
Bunu FED.az-a “Azərsu” ASC-nin İctimaiyyətlə əlaqələr şöbəsinin rəisi Anar Cəbrayıllı bildrib.
A.Cəbrayıllı qeyd edib ki, elektrik enerjisinin verilməsinin dayandırılması suyun Oğuz-Qəbələ, Ceyranbatan və Kürdən paytaxta çatdırılmasında problemlər yaradıb: “Hal-hazırda bu istiqamətdə bərpa işləri aparılır. Biz artıq Ceyranbatan su anbarından suyun verilməsini bərpa etmişik. Digər istiqamətlərdə işlər davam etdirilir”.
Qurum rəsmisi bildirib ki, yaranmış vəziyyətlə əlaqədar, paytaxt Bakının böyük hissəsində suyun təchizatı ilə bağlı problemlər yaşanır: “Gün ərzində sakinlər su ilə bağlı problemlərlə üzləşə bilər. Problemlər gün ərzində aradan qaldırılacaq”.
İyulun 2-dən 3-nə keçən gecə hava şəraitinin kəskin dərəcədə dəyişməsi, temperaturun yüksək həddə çatması nəticəsində əhalinin elektrik enerjisindən həddən artıq istifadə etməsi ilə əlaqədar Mingəçevir İES-in yarımstansiyasında cərəyan transformatoru sıradan çıxıb.