Fövqəladə Hallar Nazirliyinin “112” qaynar telefon xəttinə paytaxtın Nizami rayonu, B.Çobanzadə küçəsində yol-nəqliyyat qəzasının baş verməsi və nəticədə yanğının yaranması barədə məlumat daxil olub.
FED.az xəbər verir ki, məlumatla əlaqədar dərhal FHN-in Dövlət Yanğından Mühafizə Xidmətinin qüvvələri əraziyə cəlb olunub.
"Hadisə yerində əməliyyat şəraitinin qiymətləndirilməsi zamanı “Volkswagen” və “Porsche” markalı minik avtomobillərinin toqquşaraq yol kənarından keçən qaz boru kəmərini zədələdiyi və nəticədə kəmərdə yanğın yarandığı müəyyən olunub.
Yanğınsöndürənlərin çevik müdaxiləsi sayəsində qaz boru kəmərində baş vermiş yanğın qısa müddətdə söndürülüb", - məlumatda deyilir.
Avtomobillər, ağaclıq sahə və ətraf ərazilərin yanğından mühafizə olunduğu vurğulanıb.










