Paytaxtda yataqxanada yanğın olub. FED.az xəbər verir ki, yanğın Nərimanov rayonunda yerləşən beşmərtəbəli yataqxana binasının 4-cü mərtəbəsindəki mənzildə yanğın baş verib.
Məlumata görə, Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğından Mühafizə Xidmətinin yanğından mühafizə bölmələri və Xüsusi Riskli Xilasetmə Xidmətinin müvafiq xilasetmə qüvvələri çağırış ünvanına cəlb olunub. Yataqxana Təfəkkür Universitetinin nəzdindədir. Yataqxanada yanğın çıxışının olmaması xilasetmə işlərini çətinləşdirib.
Yanğın zamanı Laçın rayonundan məcburi köçkün kimi yataqxanada məskunlaşmış 1951-ci il təvəllüdlü Əliyev Surxay Yusif oğlu və həyat yoldaşı, 1953-cü il təvəllüdlü Əliyeva Elza İdris qızı tüstüdən zəhərlənərək ölüblər.
Məlumata görə, hadisə zamanı 8 nəfər tüstüdən boğulub və ya yanğın zamanı xəsarət alıb. Tüstüdən boğulmuş 1 nəfər Elmi-Tədqiqat Travmatologiya və Ortopediya İnstitutuna, digər 5 nəfər isə Respublika Toksikologiya Mərkəzinə yerləşdirilib.
Qeyd edək ki, yanğın 15-20 kvadrat metr sahədə baş verib. İlkin ehtimala görə, hadisəyə binanın elektik xətlərindəki qısaqapanma səbəb olub.