Şəhərin mərkəzində dron qaldıran turistlər polisləri hərəkətə keçirib.
FED.az xəbər verir ki, bir neçə gün öncə, axşam saatlarında şəhərin mərkəzi Nizami küçəsində turistlərdən biri havaya dron qaldırıb.
Çox keçməyib ki, polislər hərəkətə keçib. Əraziyə 10-dan çox polis nəfəri gəlib və dronu idarə edən şəxsi axtarmağa başlayıblar. Sonradan dronu daha çox yüksəyə qaldıran şəxs onu gözdən itirməyi bacarıb və polislər həmin şəxsi aşkarlamağa müvəffəq olmayıblar.
Məsələ ilə bağlı danışan Milli İnternet Forumunun prezidenti Osman Gündüz dronlara qarşı münasibətin birmənalı olmadığını, dronların təyinatı üzrə istifadəsinə qadağanın qoyulmasının doğru olmadığını bildirib:
“Dronlar fərqli təyinatlar üçün nəzərdə tutulub. Hərbi məqsədlər üçün istifadə olunan dronlara qadağa qoyulması normal haldır. Lakin məişət üçün nəzərdə tutulan dronların istifadəsinə qadağa qoymaq düzgün deyil. Hazırda ölkəmizə dron gətirilməsi nəzarətdədir. Belə ki, siz dron gətirmək istəyəkən DİN, DTX və digər hüquq mühafizə orqanların razılığını əldə etməli olacaqsınız. O zaman dronu ölkəyə keçirə bilərsiniz. Lakin sirr deyil ki, dronu hissələrə ayıraraq müxtəlif yollarla keçirən, onu ölkəmizdə quraşdıraraq satışa çıxaran və yaxud istifadə edən insanlar var.
Düşünürəm ki, polislərin şəhər mərkəzində dron istifadə edən şəxslərə qarşı bu cür reaksiyası qəbuledilməzdir. Heç bir dünya ölkəsində drondan istifadəyə qadağa qoyulmayıb. Ola bilər ki, həmin dron vasitəsilə şəhərimizin misilsiz gözəlliyi lentə alınsın və hansısa bir telekanala ötürülsün və bu da ölkəmizin imici haqqında müsbət fikir formalaşdırsın. Bu zaman isə polislərin onlara mane olması heç doğru olmazdı”.
Yol nəqliyyat eksperti Elməddin Muradlı isə açıqlamasında bunun təhlükəsizlik məqsədi ilə atılmış bir addım olduğunu, lakin bu qədər sərt mövqe göstərməyin lazım olmadığını bildirdi:
“Dünyanın heç bir yerində belə bir qayda yoxdur. Camaat başqa ölkələrdə oyuncaq təyyarələr, qırıcılar uçurdur, texnolgiya günü-gündən inkişaf edir. Bu qədər sərt davranmaq doğru deyil. Xüsisilə qorunan dövlət obyeklərin ətrafında belə hal yaşanarsa müdaxilə olunması başadüşüləndir, lakin şəhərin mərkəzində, parklarda dronlardan istifadə olunması normal qarşılanmalıdır.
Dronlara nəzarət Xüsusi Dövlət Mühafizə Xidməti tərəfindən həyata keçirildiyi üçün polislər bu durumda hazırlıqsız yaxalanıb. Əgər gələcəkdə zərurət yaranarsa polislərə də səlahiyyətlərin verilməsi lazımdır. Həmin cihazlara kənardan müdaxilə imkanları, dronlardan istifadə edən şəxslərin yerinin təsbit edilməsi imkanları verilməlidir. Bu texniki məsələlərdir, gərək polislər xüsusi texnikalarla təchiz edilə”.
Mənbə: "Bizimyol"