Milli Məclisin deputatı Fazil Mustafa Bakıda yaşadığı evinin qarşısında güllələnib.
FED.az “Musavat.com”a istinadən xəbər verir ki, Zabrat qəsəbəsində yerləşən evinin qarşısında silahlı hücuma məruz qalan millət vəkilinə avtomat silahdan çoxsaylı atəş açılıb.
F.Mustafa iki güllə yarası alıb. Çiyin nayihəsindən və ayağından yaralanan millət vəkilinə hazırda öz evində həkim müdaxiləsi edilir.
DİN Mətbuat Xidməti elan edib ki, hazırda əməliyyat-istintaq qrupu hadisə yerindədir. Hücumu törətməkdə şübhəli bilinən şəxsin axtarışı davam edir.
TƏBİB-dən bildirilib ki, Bakı Şəhəri Təcili və Təxirəsalınmaz Tibbi Yardım Stansiyasına Milli Məclisin deputatı Fazil Mustafanın xəsarət alması barədə saat 21:55 radələrində çağırış daxil olub, dərhal həkim briqadası cəlb edilib.
Sağ çiynin, sağ budun yuxarı üçdə birinin güllə yarası diaqnozu ilə hazırda ona zəruri tibbi xidmətlərin göstərilməsi davam edir. Vəziyyəti stabil olaraq qiymətləndirilir. Həyati təhlükəsi yoxdur.
Fazil Mustafanın qardaşı oğlu Toğrul “Qafqazinfo”ya bildirib ki, deputat Kliniki Tibbi Mərkəzə yerləşdirilib: «Hazırda əməliyyat olunur.Güllə çiynindən və ayağından dəyib. Hadisə millət vəkilinin evinin qarşısında olub. Hadisəni törədən şəxsin kimliyi hazırda bilinmir», - deyə o bildirib.
Artıq Fazil Mustafaya qarşı baş verən silahlı hücümla bağlı cinayət işi başlanılıb.
DİN bildirib ki, polis və prokurorluq əməkdaşları tərəfindən hazıfda zəruri istintaq və əməliyyat axtarış tədbirləri həyata keçirilir.