Qızıllarını lombarda qoyub, qızılından da olub, pulundan da. İndi də nə itmiş zinət əşyaları geri qaytarılır, nə pulu.
FED.az xəbər verir ki, hadisə paytaxt sakini Esmira İsmayılovanın başına gəlib.
Esmira İsmayılova iddia edir ki, 2024-cü ilin dekabrında paytaxtın Səbail rayonu, Bayıl qəsəbəsi, Əhəd Yaqubov, 14a ünvanındakı lombarda 5 min manat dəyərində qızıl-zinət əşyasını girov qoyub. Qoyduğu girova görə bu ilin oktyabrınadək ödəniş edib. Sonuncu dəfə həmin ünvana gedib pulunu ödəyib qızıl zinət əşyalarını götürmək istəsə də, ona qızıllarının oğurlandığı deyilib.
Şikayətçi iddia edir ki, təkcə ona yox, 114 vətəndaşa zərər dəyib.
Digər bir vətəndaş da iddia edir ki, ona 30 min manat dəyərində ziyan dəyib. Həmin şəxsə isə lombard sahibi deyib ki, vətəndaşlara məxsus qızılları bank mənimsəyib.
Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin əməkdaşı Cəsarət Qənbərli bildirib ki, qeyd edilən məsələ ilə bağlı vətəndaşların müraciətləri daxil olub. Tərəflər ərazi polis orqanına dəvət olunaraq ərizə və izahatları alınıb. Hazırda zəruri araşdırmalar aparılır. Araşdırmanın nəticəsindən asılı olaraq, əmələ hüquqi qiymət veriləcək.
Mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edirik:












