Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində saxta pul kəsməkdə təqsirləndirilən 1988-ci il təvəllüdlü Chen Vonq Lin, 1963-cü il təvəllüdlü Lin Zhi Fanq və Rusiya Federasiyası, Dağıstan Respublikasının vətəndaşı 1966-cı il təvəllüdlü Rəsulov Məhəmmədrəsul Muxtaroviçin cinayət işi üzrə məhkəmə iclası başlayıb.
FED.az xəbər verir ki, hakim Azər Paşayevin sədrliyi ilə keçirilən prosesdə məlum olub ki, təqsirləndirilən şəxslərdən M.Rəsulov məhkəməyə gətirilməyib.
Bildirilib ki, onun səhhətində problem var.
Məhkəmə prosesi oktyabrın 11-dək təxirə salınıb.
Qeyd edək ki, həmin şəxslər Yasamal rayonu Şərifzadə küçəsində yerləşən “Rabitə Bank”ın “Yasamal” filialında külli miqdarda - 18900 saxta dolları dəyişmək istəyərkən tutulublar.
Onlar maddi subut ilə birgə saxlanılaraq polis idarəsinə təhvil veriliblər.
Hər üç şəxsə qarşı Cinayət Məcəlləsinin 204-cü (saxta pul və ya qiymətli kağızlar hazırlama, əldə etmə və ya satma) maddəsi ilə ittiham irəli sürülüb.