Bakı-Qazax avtomagistralının Qaradağ ərazisindən keçən hissəsini, Lökbatan istiqamətində hər iki istiqamətdə yolu su basıb. Nəticədə ərazidə, o cümlədən magistral yolda böyük tıxac yaranıb.
FED.az xəbər verir ki, baş verən qəza su kəmərindəki qəza ilə bağlıdır.
«Azərsu» ASC-nin mətbuat xidmətinin rəhbəri Anar Cəbrayıllı bildirib ki, Bakı şəhərini içməli su ilə təmin edən Kür-Bakı magistral su kəmərinin Qaradağ rayonu ərazisində (Qaz Emalı Zavodunun yaxınlığı) gecə saatlarında baş vermiş qəza nəticəsində ətraf əraziləri, o cümlədən Bakı-Qazax avtomagistralını su basıb.
Hərəkətin bərpa olunması üçün "Azərsu" ASC, Dövlət Yol Polisi və Fövqəladə Hallar Nazirliyi birlikdə tədbirlər görür.
Onun sözlərinə görə, hazırda "Azərsu" ASC-nin rəhbərliyi ərazidədir. «Əraziyə xüsusi texnika, maşın-mexanizm, suyu kənarlaşdırmaq üçün nasoslar, qəza briqadaları cəlb olunub, lazımi tədbirlər görülür».