Azərbaycanın şou-biznesinin tanınmiüş nümayəndəsi, televiziya prodüseri Oqtay Əliyev bu gün avtomobil qəzasında həlak olub.
FED.az xəbər verir ki, hadisə Abşeron rayonu saray qəsəbəsi ərazisində - «Vaz» dairəsindən Saray qəsəbəsinə gedən yolda baş verib. O.Əliyevin idarə etdiyi «Lexus» markalı avtomobil yolun hərəkət hissəsindən çıxaraq aşıb.
Hadisə nəticəsində Oqtay Əliyev dərhal vəfat edib, onun həyat yoldaşı, tanınmış aktrisa Dilarə Əliyeva yüngül xəsarət alıb, avtomobildə olan xalq artisti Mehriban Zəki isə yaralanıb.
Baş Dövlət Yol Polisi İdarəsinin İctimaiyyətlə əlaqələr şöbəsinin inspektoru Toğrul Nəsirli «Qafqazinfo»ya bildirib ki, hadisə zamanı avtomobili O.Əliyev idarə edirmiş: «Mərhumun həyat yoldaşı Dilarə xanım ilkin ifadəsində bildirib ki, avtomobillə Bakı-Sumqayıt yolunun “Vaz” dairəsi ilə Saray qəsəbəsi arasındakı hissəsində hərəkətdə olarkən Oqtay Əliyev sükan arxasında özünü pis hiss edib. Onun səhhətində qəfil problem yaranıb və avtomobilin idarəetməsini itirib, nəticədə nəqliyyat vasitəsi maneəyə çırpılaraq yolun kənarına aşıb. O.Əliyevin hadisə yerində öldüyü məlum olub».
Yol-nəqliyyat hadisəsi ilə əlaqədar TƏBİB-in tabeliyindəki Abşeron Rayon Mərkəzi Xəstəxanasının təcili tibbi yardım briqadaları dərhal əraziyə cəlb edilib.
Mehriban Zəki Sumqayıt Tibb Mərkəzinin nəzdində olan Təcili Tibbi Yardım Xəstəxanasına təxliyə olunub. Ona zəruri tibbi xidmətlər göstərilib, hazırda Reanimasiya şöbəsində müalicəsi davam etdirilir. Vəziyyəti orta ağır olaraq qiymətləndirilir.
Hadisə nəticəsində xəsarət alan Dilarə Əliyevaya yerində ilkin tibbi yardım göstərilib, hazırda Sumqayıt Tibb Mərkəzinin nəzdində olan Təcili Tibbi Yardım Xəstəxanasına təxliyə edilir.