Bakıda adam bıçaqlamaqda təqsirləndirilən keçmiş diplomat Emin İbrahimovun cinayət işi üzrə məhkəmə prosesi yekunlaşıb.
FED.az xəbər verir ki, bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Vüqar Quliyevin sədrliyi ilə keçirilən prosesdə təqsirləndirilən şəxsin vəkili müdafiə çıxışı edib.
Vəkil məhkəmədən müvəkkilinə bəraət verilməsini istəyib. Daha sonra hökm oxunub. Hökmə əsasən, təqsirləndirilən şəxs 7 il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilib.
Emin İbrahimovun ittiham olunduğu 221.1-ci (xuliqanlıq) maddəsi ittihamdan xaric edilib. Xatırladaq ki, dövlət ittihamçısı Emin İbrahimovun 10 il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilməsini istəmişdi.
Qeyd edək ki, Emin İbrahimov 2024-cü ilin iyul ayında cinayət məsuliyyətinə cəlb olunub. İttihama görə, o, iyulun 22-də Şükürov Kamal Hacıəli oğlu adlı Qaraçuxur qəsəbəsinin sakininə bıçaqla xəsarət yetirib. Ona qarşı Cinayət Məcəlləsinin 126.2.4-cü (xuliqanlıq niyyəti ilə sağlamlığa qəsdən ağır zərər vurma) və 221.1-ci (xuliqanlıq) maddələri ilə ittiham irəli sürülüb.
Emin İbrahimov 2007-2020-ci illərdə diplomatik xidmətdə olub. O, 2012-2016-cı illərdə Azərbaycanın ABŞ-dəki səfirliyində, 2016-2019-cu illərdə isə Azərbaycanın Uruqvaydakı diplomatik nümayəndəliyində işləyib (APA).