Azərbaycan Baş Prokurorluğu yanında Korrupsiyaya Qarşı Mübarizə Baş İdarəsi hazırda ləğvetmə prosesində olan “Atrabank” ASC-nin sabiq vəzifəli şəxslərinin qanunsuz əməlləri barədə Əmanətlərin Sığortalanması Fondundan daxil olmuş materialları araşdırıb. FED.az-ın məlumatına görə, keçirilmiş istintaq-əməliyyat tədbirləri ilə müəyyən edilib ki, ləğvetmə prosesində olan “Atrabank” ASC-nin idarə heyətinin sabiq sədri Nəbiyev Elmixan Nəbi oğlu həmin vəzifədə işləyərkən, xidməti vəzifələrinin icrası ilə əlaqədar özü üçün qanunsuz üstünlük əldə etmək məqsədilə öz qulluq səlahiyyətlərindən qulluq mənafeyinə qəsdən zidd olaraq istifadə edib, bank sahəsində qüvvədə olan qanunvericiliyi, o cümlədən Mərkəzi Bankın İdarə Heyətinin banklarda məcmu kapitalının minimum miqdarının 50 milyon manat məbləğində müəyyən edilməsi haqqında 2012-ci il 25 iyul tarixli qərarında nəzərdə tutulmuş şərtləri pozmaqla, bankın lisenziyasının ləğv olunmasının qarşısını almaq və bankın fəaliyyətini davam etdirməsi ilə əlaqədar nizamnamə kapitalının artırılması üçün faktiki mövcud olmayan maliyyə vəsaitləri üzrə özünün iştirakı ilə yaradılmış və yaxın münasibətləri olduğu ayrı-ayrı şəxslərin adına rəsmiləşdirilmiş formal, heç bir fəaliyyəti olmayan özəl müəssisələri təşkil edib. O, həmin müəssisələrin adlarına, o cümlədən “Kristal Fermer” MMC-nin direktoru Heydərov Eldar Müslüm oğluna 3,5 milyon manat, “Günel-R” firmasının direktoru Arazov Ağamirzə İmammirzə oğluna 1 milyon ABŞ dolları, həmçinin “Bəyaz” firmasının direktoru Gərayzadə Rəşadət Hacağa oğluna 1 milyon ABŞ dolları olmaqla, ümumilikdə 6 milyon 705 min 600 manat məbləğində qanunsuz kreditlər rəsmiləşdirib.
E.Nəbiyevin qeyd edilən hərəkətlərlə ləğvetmədə olan “Atrabank” ASC-nin hüquqlarına və qanuni mənafelərinə, o cümlədən dövlətin bank sisteminin dayanıqlılığının və maliyyə sabitliyinin daha da gücləndirilməsi sahəsində qanunla qorunan mənafelərinə ağır nəticələrə səbəb olan mühüm zərər vurmaqla vəzifə səlahiyyətlərindən sui-istifadə etməsinə şübhələr üçün əsaslar yarandığından ona Cinayət Məcəlləsinin 308.2-ci (vəzifə səlahiyyətlərindən sui-istifadə ağır nəticələrə səbəb olduqda) maddəsi ilə ittiham elan olunmaqla barəsində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib.
Hazırda cinayət işi üzrə qeyd olunan qanunsuz halların tam və hərtərəfli araşdırılmaqla digər təqsirli şəxslərin dairəsinin müəyyənləşdirilərək məsuliyyətə cəlb edilmələri, habelə vurulmuş ziyanın ödənilməsinin təmin olunması istiqamətində zəruri istintaq-əməliyyat tədbirləri davam etdirilir.