Azərbaycan Milli Elmlər Akademiyası nəzdində Respublika Seysmoloji Xidmət Mərkəzindən Fövqəladə Hallar Nazirliyinin Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinə daxil olmuş məlumata əsasən, 23.11.2024-cü il tarixində yerli vaxtla saat 12:10-da Ağdam seysmik stansiyasından 74 km cənub-qərbdə, Laçın rayonunda 10 km dərinlikdə 4.5 maqnituda zəlzələ qeydə alınıb.
FED.az xəbər verir ki, zəlzələ nəticəsində hər hansı dağıntı və ya insan xəsarəti barədə bu vaxtadək Fövqəladə Hallar Nazirliyinə məlumat daxil olmayıb.
***
Laçın rayonu ərazisində noyabrın 23-də zəlzələ qeydə alınıb.
Azərbaycan Milli Elmlər Akademiyası nəzdində Respublika Seysmoloji Xidmət Mərkəzinin Zəlzələlərin Tədqiqatı Bürosundan FED.az-a verilən məlumata görə, yerli vaxtla saat 12:10-da qeydə alınan yeraltı təkanların maqnitudası 4.5-ə bərabər olub.
Zəlzələ ocağı 10 kilometr dərinlikdə yerləşib.
Təkanlar Qarabağ və Şərqi Zəngəzurda hiss olunub.