Bu gün saat 15:00-dan etibarən Türkiyənin zəlzələ bölgəsindən Azərbaycan vətəndaşlarının təxliyə prosesinə başlanılıb.
FHN-in yardımlarından ibarət növbəti təyyarə Türkiyəyə yola düşüb - VİDEO
FED.az xəbər verir ki, bunu Azərbaycanın Türkiyədəki səfiri Rəşad Məmmədov bildirib.
Səfir deyib ki, artıq dünən Azərbaycan hökuməti tərəfindən zəlzələ bölgələrində yaşayan azərbaycanlıların təxliyəsi ilə bağlı qərar qəbul edilib və bu gün saat 15:00-dan başlayaraq Türkiyənin Kahramanmaraş, Malatya, Qaziantep və Adana vilayətlərinin avtovağzallarında təxliyə avtobusları yola düşüb.
“Biz operativ qərargahlara daxil olan zəngləri araşdırırıq və bunun əsasında təxliyə ediləcək insanları avtobuslara yerləşdiririk”, - səfir əlavə edib.
Rəşad Məmmədov qeyd edib ki, təxliyə ediləcək Azərbaycan vətəndaşları Gürcüstana üzərindən Vətənə yola salınacaq: “Artıq bir neçə avtobus dolub və yola düşür”.
Səfir təxliyə ediləcək Azərbaycan vətəndaşlarının sayını açıqlamayıb.
Səfir qeyd edib ki, təxliyə olunanların sayını axşam elan edəcəklər. (Apa)