Azərbaycanın regionlarından Türkiyədə zəlzələdən zərər çəkənlərə yardım məqsədi ilə toplanan yardımlarla bağlı kommunikasiyanın koordinasiya edilməsi üzrə xüsusi qrup yaradılacaq.
Türkiyəyə yardım edən Azərbaycan şirkətləri və şəxsləri – SİYAHI, MƏBLƏĞLƏR, YENİLƏNİR
FED.az Azərbaycan Sahibkarlar Konfederasiyasına (ASK) istinadən xəbər verir ki, bu məqsədlə regionlardan olan yardımların koordinasiya edilməsi üçün məsul şəxsin seçilməsi və onun vəzifə öhdəlikləri, eləcə də yardımların Gürcüstan gömrüyündən sürətli keçidini təmin etmək üçün hüquqi prosedurların çevikliyinin artırılması qərara alınıb.
Qərar Azərbaycan Sahibkarlar Konfederasiyasında bu gün keçirilən Türkiyədə baş vermiş dəhşətli zəlzələdən zərərçəkənlərə yardım məqsədilə yaradılmış “Qardaş Köməyi” Platformasının iclasında qəbul edilib. İclasda ASK-nın koordinasiyası ilə həyata keçirilən yardımlarla bağlı mövcud vəziyyət müzakirə edilib və işlərin sistemliliyini daha da yüksəltmək üçün müvafiq qərarlar qəbul edilib.
“Qardaş Köməyi” Platformasının rəhbəri, Konfederasiyanın Rəyasət Heyətinin üzvü və MÜSİAD Azərbaycan-ın sədri Rəşad Cabirli qeyd edib ki, bütün məntəqələr gərgin iş şəraitində çalışır və çeşidlənən yüklər vaxtaşırı olaraq Türkiyəyə yola salınır: “Platforma Türkiyənin ölkəmizdəki səfirliyi ilə birbaşa çalışdığından TIR-ların çıxması və logistika məsələlərində çevikliyi təmin etməyə çalışırlar. Türkiyəyə keçdikdən sonra isə bu yardımlar AFAD-ın müvafiq strukturlarına təhvil verilir. Beləliklə, Azərbaycandan gedən yardımların birbaşa ünvanına çatması üçün “Qardaş Köməyi” Platforması sistemli logistika koridoru yarada bilib”.
Qeyd olunub ki, hazırda mövcud ehtiyac siyahısına uyğun olaraq yardımların qəbul edilməsi və qablaşdırılması daha vacibdir. Xüsusən də rayonlardakı məntəqələrdə qablaşdırma və çeşidləmə, əlavə israfa yol verməmək üçün məlumatlandırmanın yüksəldilməsinin vacibliyi vurğulanıb.