Bir qrup azərbaycanlı dənizçi Livanda, ölkənin paytaxtı Beyrutda köməksiz vəziyyətdə qalıb.
Bu barədə FED.az-a məlumat verən gəminin kapitanı Samiq Nəbiyev bildirib ki, 8 nəfər Azərbaycan vətəndaşı «Palmali» şirkətinə məxsus olan «Kapitan Nağdəliyev» gəmisinin dənizçiləridir. Şirkətin borclarına görə may ayının 12-dən Beyrut limanında gəmiyə həbs qoyulub və artıq 6 aydır ki, gəmini limanda saxlayırlar.
«Bunlardan 4 nəfərini evə göndərməyə planlaşdırırlar, biz 4 nəfər də hələ məlum olmayan müddətdə burada qalmalı olacağıq. Səfirliklə də danışırıq, onlar da əllərindən gələni etməyə çalışır amma hələlik nəticə yoxdur»-deyə dənizçilər bildiriblər.
Dənizçilər bildirir ki, gəminin sahibi olane «Palmali» şirkəti onlara kömək edə bilmir: «Burada qalanların qidalanması və gəmiyə yanacaq verilməsi dayandırılıb. Yəni buradakı şəraitimiz olduqca bərbad vəziyyətdədir».
Hazırda gəmidə girov vəziyyətində qalmış dənizçilərin işi ilə məhkəmə məşğuldur: «Biz burada həbs olunmamışıq, həbs gəmiyə qoyulub, borca görə. Sadəcə bizi buraxmılar və gəminin gözətçisi kimi burada saxlayırlar. Biz bununla bağlı Azərbaycanın Xarici İşlər Nazirliyi və Ombudsmanından kömək gözləyirik və xahiş edirik ki, bizi buradan çıxarsınlar».
Kapitan bildirir ki, onlar vəziyyətlə bağlı kömək üçün prezidentə, birinci vitse-prezidentə, xarici işlər nazirliyi, baş prokurorluq, ombudsman və Azərbaycandakı səfirliyinə də müraciət ediblər: «Səfirlikdən dedilər və, Livanın nəqliyyat nazirliyinə müraciət ehdiblər, amma hələlik yenilik yoxdur. İstəyirik tezliklə buradan çıxıb evimizə, vətənə qayıdaq. Hələlik nəticə yoxdur, gözləyirik».