AZAL-ın qəzaya uğrayan təyyarəsi ilə bağlı təhqiqatın ilkin nəticələri gələn həftə açıqlanacaq.
Qazaxıstan AZAL-ın təyyarəsinə dair rəsmi mənbələrə əsaslanmayan versiyaları şərh etməyəcək
FED.az xəbər verir ki, bu barədə Qazaxıstan Baş nazirinin müavini Kanat Bozumbayev bildirib.
Onun sözlərinə görə, Braziliyaya göndərilən "qara qutular"ın oxunması prosesi başa çatıb və onlar geri qaytarılıb.
Kanat Bozumbayev qeyd edib ki, Aktau yaxınlığında baş verən təyyarə qəzası ilə bağlı təhqiqatın ilkin nəticələri gələn həftə açıqlanacaq: “Bu, genişmiqyaslı beynəlxalq səviyyəli işdir. Növbəti həftə ölkəmizin Nəqliyyat Nazirliyi ilkin nəticələri ictimailəşdirəcək.ICAO-nun tövsiyəsinə uyğun olaraq, ilkin nəticələr hadisə baş verdikdən sonra 30 gün ərzində açıqlanmalıdır. Bir sıra çətinliklər var, amma komissiya işini vaxtında yekunlaşdırmalıdır. Eyni zamanda Qazaxıstanın Baş Prokurorluğu tərəfindən də cinayət işi açılıb. Nəqliyyat prokuroru Timur Süleymenovun nəzarəti altında aparılıb. Həmin cinayət işi üzrə ballistik və partlayış-texniki ekspertizalar keçirilib. Hazırda bu istiqamətdə də istintaq davam edir”.
Xatırladaq ki, dekabrın 25-də Azərbaycan Hava Yollarına məxsus Bakı-Qroznı reysini həyata keçirən Embraer sərnişin təyyarəsi Qazaxıstanın Aktau şəhəri yaxınlığında qəzaya uğrayıb. Təyyarədə 5 ekipaj üzvü olmaqla 67 nəfər olub. Qəza nəticəsində Azərbaycan, Rusiya və Qazaxıstan vətəndaşları daxil olmaqla 38 nəfər həyatını itirib. (Apa)