Astara rayonunda intensiv yağıntılar fəsadlar törədib.
FED.az xəbər verir ki, hava şəraitinin yağıntılı olması bölgədə sürüşmə zonalarında aktivliyi artırıb.
Belə ki, Astaranın dağlıq ərazilərində bir neçə yerdə torpaq sürüşmələri qeydə alınıb. Dağ massivindən qopan böyük torpaq layının sürüşməsi nəticəsində Pəlikeş inzibati dairəsinə daxil olan Lomin kəndində bir yaşayış evi qəzalı vəziyyətə düşüb. Kənd sakini Aynagül Baloğlan qızı Nabatovaya məxsus olan evin arxa tərəfi və həyətinə iki metrə yaxın ərazi torpaq qatı ilə dolub. Qeyd edək ki, həmin yaşayış evi üçün 2019-cu ildə də eyni təhlükə yaranmışdı.
Bundan başqa, aramsız yağışlar səbəbindən kənd ərazisindən keçən çayda sel yaranıb və piyada köpüsünü dağıdıb. Çayın digər tərəfi ilə əlaqə çətinləşib.
Astara Rayon İcra Hakimiyyətindən bildirilib ki, hadisə baş verəndən dərhal sonra ailə qohumlarının evinə köçürülüb: “Hazırda əraziyə texnika çıxarmaq mümkün deyil. Çayda suyun səviyyəsi aşağı düşən kimi texnikanın köməyi ilə evin ətrafı təmizlənəcək. Piyada körpüsünün bərpası üçün də lazımi işlər görüləcək”. (Report)