Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində dələduzluqda təqsirləndirilən Çingiz Bağırov və Eynur Xudiyevin cinayət işi üzrə məhkəmə prosesi davam etdirilib.
FED.az-ın məlumatına görə, hakim Zeynal Ağayevin sədrliyi ilə keçirilən prosesdə zərərçəkmiş şəxs qismində Rövşən Ağayev ifadə verib.
ELƏCƏ DƏ BAX: Polis borca görə 14 nəfəri saxladı
O deyib ki, ev almaq üçün Çingiz Bağırova 134 min manat pul verib və sonradan öyrənib ki, mənzil daha iki şəxsə satılıb.
Sonra digər zərərçəkmiş Amin Kazımov dindirilib. O, bir neçə dəfə zərər çəkdiyini və maddi durumunun çətin olduğunu deyib:
“Evi aldım, təmir etdim. Bir müddət yaşayandan sonra məhkəmə qərarı ilə evdən çıxarıldım. Çünki ev daha əvvəl başqasına satılıbmış. Evdən əşyalarımı çıxarıb çölə tökdülər. Mən də aparıb rayona yığdım. Özüm də gündəlik maaşa işləyirəm”.
Amin Kazımov həbs edilən şəxslərin bu işdə əsas fiqurlar olmadıqlarını deyib. Qeyd edib ki, əsas fiqurlar “akulalar başqalarıdır, çöldədirlər”.
Hakimlər A. Kazımovdan “akulaların” kimliyini soruşub. A. Kazımov əvvəlcə tərəddüd etsə də, sonradan MTK sədri Emil Məhərrəmovun adını çəkib və bütün pulların onda olduğunu deyib.
Məhkəmə prosesi yanvarın 11-də davam etdiriləcək.
İttihama görə, “Bakı” MTK-nın vəzifəli şəxsləri Ç. Bağırovla E. Xudiyev başqasına satılan mənzili təkrarən bir neçə nəfərə sataraq dələduzluq ediblər.
Belə ki, onlar vətəndaş Ruslan Babayevin adına olan Bakı şəhəri, Yasamal rayonu, İ. Qutqaşınlı küçəsində yerləşən 6 nömrəli binanın 6-cı mərtəbəsində yerləşən 68 kvadratmetrlik mənzili 2014-cü il dekabrın 10-da Siyavuş Dadaşova 166 min 600 manata satıblar. Həmin mənzili dekabrın 30-da isə 180 min dollara Ramiz Hüseynova satıblar.
Həmin şəxslər bu işləri şirkətin İdarə Heyətinin sədri Emil Məhərrəmovla birgə həyata keçiriblər. Sonra onlar Rəşad Əliyevdən 144 min dollar, Fuad Babayevdən 135 min manat alaraq başqalarına satdıqları mənzili təkrar satıblar.
Bundan başqa, təqsirləndirilən şəxslər Ulduzə Cəbrayılovaya məxsus mənzili Eldar Rüstəmova 170 min manata, İmam Süleymanlıya məxsus mənzili isə Dilşad Məmmədovaya 99 min 500 manata sataraq dələduzluq ediblər.
Bildirək ki, bu iş üzrə zərərçəkmişlər arasında “Qarabağ”ın sabiq futbolçusu, hazırda “Səbail” klubunda çıxış edən Rahid Əmirquliyev də var.
“Akulalar çöldədirlər”... – MƏHKƏMƏ
21:27
4 Yan 2019